“Onlar Ermənistanı düşdüyü bataqlıqdan çıxara biləcək gücdə deyil” - Zərdüşt Əlizadə

“Onlar Ermənistanı düşdüyü bataqlıqdan çıxara biləcək gücdə deyil” - Zərdüşt Əlizadə
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən 17 siyasi partiyanın nümayəndələri bu posta yeni namizədlər irəli sürüb.

 

 

Sfera.az Ermənistanda çıxan "Joxovurd” qəzetinə istinadən xəbər verir ki, namizədlər arasında Vazqen Manukyan, Artur Vanesyan və Qrant Baqratyanın adları əsas müzakirə edilir.


Maraqlıdır, hər üç şəxsdən hansının hakim posta gəlməsi daha real görünür və bunun Azərbaycan üçün nəticəsi necə olacaq?


Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Zərdüşt Əlizadə adıçəkilən namizədlərdən heç birinin uğurlu siyasət apara bilməyəcəyini bildirib:


"Hər üç adı kifayət qədər tanıyıram və siyasi xətlərini də yaxşı bilirəm. Onlardan heç biri Ermənistanı düşdüyü bataqlıqdan çıxara biləcək gücdə deyil. Əksinə, onların üçü də Ermənistanı indiki fəlakətli duruma gətirən şəxslərdir. Ermənistanın revanş alması, iqtisadi böhrandan çıxması, Rusiya ilə yenidən yaxın münasibətlərin qurulması hamısı nağıldır. Onlar ilk olaraq düşüncə tərzini dəyişməlidirlər, gələcək mənzərəni başqa cür görməlidirlər".

 

 

Politoloq gələcəkdə Ermənistanın qonşu ölkələrlə yaxşı münasibət qura biləcəyini qeyd edib:


"Fikrimcə Paşinyan hakimiyyətdə qalacaq, onu kənarlaşdıra bilməyəcəklər. Bir müddət sonra erməni cəmiyyəti Qarabağın itirilməsi ilə razılaşacaq. Onlar çalışacaq ki, Qərbə doğru səmt götürsünlər. Bu zaman da ola bilər ki, onlar Qərb rasional fikrini əsas götürüb öz keçmişlərinə tənqidi baxsınlar və yanlış məqsədlərdən imtina etsinlər. Belə olan halda da Azərbaycan, Türkiyə kimi qonşu dövlətlərlə sağlam münasibətlərin qurulması üçün zəmin yaranacaq".

 

Məlumat üçün qeyd edək ki, baş nazir postuna ən real namizəd hesab edilən Artur Vanesyan Vətən Partiyasının sədri və Milli Təhlükəsizlik xidmətinin keçmiş direktorudur. Vazqen Manukyan Ermənistanın ilk baş naziri və II müdafiə naziridir. Qrant Baqratyan isə Ermənistanın sabiq baş naziridir. Hər üç namizəddən Vazqen Manukyana daha çox üstünlük verildiyi bildirilir.


Sfera.az

Əzizə Zeynal

 

 


OXŞAR XƏBƏRLƏR