Neftin qiyməti ilə bağlı KRİTİK TARİX: Martın 31-nə kimi...

Neftin qiyməti ilə bağlı KRİTİK TARİX: Martın 31-nə kimi...
"2021-ci il başlayandan neftin qiyməti kifayət qədər yüksək səviyyədədir. Hazırda neftin qiymətini aşağı salacaq hansısa faktor yoxdur”.

 

 

Bu sözləri neftin bahalaşma səbəbləri haqqındaSfera.az-a danışan enerji sahəsi üzrə ekspert İlham Şaban bildirib.

 

 

İ.Şaban söylədi ki, dünən "Brent” neftinin qiyməti 57 dollara qədər artdıqdan sonra bu gün 56 dollara qədər enib:

 

 

"Neftin qiyməti 2021-ci ilin yanvarın 8-dən sonra 55-60 dəhlizinə keçid edib. Bunun səbəbi yanvarın 5-də "OPEC+” çərçivəsində qəbul edilən qərardır.

Qərara əsasən mart ayının 31-nə kimi neft istehsalı ilə bağlı kvotalar dəyişməyəcək. Yəni, hasilat artırılmayacaq. Bundan əlavə Səudiyyə Ərəbistanı öz tərəfindən neft hasilatını bir qədər də azaldacaq. Səudiyyə Ərəbistanı fevralın 1-dən gündəlik hasilatı 994 min barel azaldacaq. Bu qərarlar neft bazarı üçün müsbət dəyişiklik yaradıb.

 

 

ABŞ-da həftəlik hesabata əsasən davamlı olaraq neft ehtiyatları azalır. Ehtiyatın azalması neftin qiymətinin artımına təsir edən növbəti göstəricidir. Covid-19-la bağlı peyvəndləmə əməliyyatının kütləviləşməsi, ABŞ-da olan siyasi gərginlik də neft qiymətlərini artırır”.

 

 

İ.Şaban "OPEC+” çərçivəsində razılaşmanın əldə edilməsinə baxmayaraq neftin martın 31-nə qədər bahalaşacağını gözləməyin düzgün olmadığını dedi.

 

Ekspert vurğuladı ki, qiymətə təsir edən amillər çoxdur və martın 31-nə kimi neft bahalaşdığı kimi, ucuzlaşa da bilər:

 

"Hesabatlar, bəyanatlar, hasilat göstəriciləri qiymətlərə təsir edir. 2020-ci ilin dekabrında hasilatla bağlı rəsmi məlumatlar açıqlanıb. Həmin məlumata əsasən neft ucuzlaşmalı idi. Amma yanvarda "OPEC+” çərçivəsində əldə edilən razılaşma qiymət artımına səbəb oldu. Fevral ayının birinci ongünlüyündə razılaşmaya necə əməl edilməsi ilə bağlı məlumat açıqlanacaq. Fevralda neft qiymətləri ilə bağlı proqnozlar da açıqlanacaq. Bütün bu göstəricilər qiymətləri artıra da bilər, azalda da bilər.

 

 

Martın 4-6 tarixlərində "OPEC+” ölkələri, onların sayı 24-dür, neft hasilatının apreldən hansı səviyyədə saxlamaq haqqında müzakirə aparacaq. Qərardan asılı olaraq mart ayı ərzində qiymətlərin necə dəyişəcəyi aydınlaşacaq.

 

Bazarda daim hərəkətlilik var və hər gün qiymətləri dəyişə biləcək hadisələr baş verir”.

 

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR