Neft qiymətləri bu səviyyədə qalmasa... - Manatın sabitliyinə TƏHLÜKƏ VAR?

Neft qiymətləri bu səviyyədə qalmasa... - Manatın sabitliyinə TƏHLÜKƏ VAR?
Azərbaycanın cari əməliyyatlar balansında müsbət saldonun (fərqin) yaranmasının neft qiymətlərindən asılılığı artır. Məhz neft qiymətlərinin əlverişli səviyyədə olması cari əməliyyatlarda müsbət fərq yaradır və burada balansın yaxşılaşması ümumən tədiyə (ödəmə) balansının yaxşılaşmasına kömək edir.

Sfera.az xatırladır ki, 2014-cü ildən sonra neftin 2 dəfə kəskin ucuzlaşması cari əməliyyatlar balansında ya kəsir yaradıb, ya da müsbət saldo minimum həddə qədər azalıb. Bunun nəticəsində tədiyə balansında tarazlıq pozulub və balans mənfi olub. Yalnız neftin bahalaşmasından və qiymətlərin əlverişli səviyyəyə çatmasından sonra cari əməliyyatlarda balans yaxşılaşıb və tədiyə balansında kəsir aradan qalxıb.

Azərbaycan üçün neft gəlirlərinin yüksək olmasında qiymət faktoru çox böyük əhəmiyyətə sahibdir. Çünki ölkəmiz böyük həcmdə neft ixrac etmir, hətta ixrac ildən-ilə azalır, belə bir şəraitdə qiymətlərin daha yüksək olması Azərbaycanın cari əməliyyatlar və ödəmə balansının yaxşılaşmasına səbəb olur. Cari əməliyyatların vəziyyətinin yaxşılaşması isə öz növbəsində manatın məzənnəsinin sabit qalmasına kömək göstərir. 

2021-ci ildə neftin qiymətinin yüksəlməsi bu baxımdan Azərbaycanı sevindirir. Bu ilin ilk 6 ayının nəticələri göstərir ki, neftin qiymətinin 57,7 dollara yüksəlməsi cari əməliyyatlar balansında müsbət fərqi ötən ilin eyni dövrünə nisbətən 3 dəfədən çox artırıb. 2020-ci ilin birinci yarısında neftin qiyməti 41,8 dollar olub və həmi dövürdə cari əməliyyatlarda 598,2 milyon dollar müsbət balans olub. Bu ilin birinci yarısında neftin 38,3 faiz bahalaşması hesabına balans 1,878 milyard dolları ötüb. 

Qeyd edək ki, cari əməliyyatlar dedikdə xarici ticarət, xidmətlər üzrə əməliyyatlar, ilkin gəlirlər (əmək haqqı, dividend, faiz, renta və digər bu tip ödənişlər) və təkrar gəlirlər (pul baratları, humanitar yardımlar, qrantlar və s.) nəzərdə tutulur. Neft bahalaşdıqca xarici ticarətin vəziyyəti xeyli yaxşılaşır. 2020-ci ildə qiymət 42 dollar olduqda ticarət balansı 2,29 milyard dollar, 2021-ci ildə qiymət 58 dollar olduqda ticarət balansı 3,52 milyard dollar təşkil edib. 

2021-ci ilin ikinci yarısında neft qiymətləri 70 dollardan yüksəkdir. Qiymətin bu həddə qalması ilin ikinci yarısında ticarət balansının 4,3-4,7 milyard dollar olmasına imkan yaradacaq. Bu vəziyyətdə cari əməliyyatlar balansındakı müsbət fərq böyüyərək ikinci yarımildə 2,5-3 milyard dollar həddinə yüksələ bilər.  
 
Neft qiymətlərinin bu əhəmiyyətli təsiri ilə bağlı olaraq belə bir fikir mövcuddur ki, manatın sabitliyi dolayısı ilə neft qiymətlərinin əlverişli səviyyədə olan sabitliyindən asılıdır. 

Cari əməliyyatlar balansında tarazlığı, müsbət fərqin daim olması üçün neftin qiymətinin əlverişli olması lazımdır. Devalvasiyadan sonra Azərbaycan üçün neft qiymətlərinin 45 dollardan yuxarı olması cari əməliyyatlar balansının yaxşı olmasına və manatın sabit qalmasına şərait yaradırdı. Lakin son illərdə neft hasilatının azalması, bununla əlaqədar olaraq ixracın azalması cari əməliyyatlarda əlverişli balans üçün neft qiymətlərinin 50 dollardan yüksək olmasını tələb edir. Çünki satılan məhsulun miqdarı azaldıqda əvvəlki qədər gəlir əldə etmək üçün qiymətlər artmalıdır. Bu qaydaya uyğun olaraq neftin daha baha satılması da vacibdir. 

Vasif
Sfera.az

 
 
   


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...