Neft niyə dəyər itirir? – İqtisadçı səbəblərdən danışdı

Neft niyə dəyər itirir? – İqtisadçı səbəblərdən danışdı
"OPEC+ Alyansında müşahidə edilən fikir ayrılıqları neftin qiymətinə təsirsiz ötüşmədi. Bu həftəyə hər bareli üçün 77 dollar qiyməti ilə start verən Brent markalı neftin dəyəri 73 dollaradək azalıb”.

Sfera.az bildirir ki, bunu deputat, iqtisadçı Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə, bu, neftin qiymətində son 3 gündə 5 faizdən çox azalma deməkdir:

"Digər tərəfdən, ABŞ dollarının dünya valyuta bazarında möhkəmlənməsi də strateji məhsulların, o cümlədən neftin qiymətinə təsir göstərir. Son bir ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Möhkəm dollar da neft bazarına təsir etməkdədir. OPEC+ Alyansının gələcək taleyi neftin qiymətin dəyişməsinə birbaşa təsir edəcək.
 
Doğrudur, qlobal vaksinasiya səviyyəsinin genişlənməsi, yay aylarında inkişaf etmiş ölkələrdə, xüsusən də Birləşmiş Ştatlarda daxili səfərlər səbəbindən benzinə tələbin artması enerji bazarında qiymətlərin xeyirinə işləyən mövsümi faktorlardandır. Amma bütün hallarda neft bazarında volatilliyin davam edəcəyi şübhəsizdir”.

V.Bayramov qeyd edib ki, enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir:

"Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı son volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR