Neft Fondu gözləniləndən 5 milyard manat çox qazanacaq

Neft Fondu gözləniləndən 5 milyard manat çox qazanacaq
Azərbaycan Dövlət Neft Fondunun 2021-ci ildəki gəlirləri təsdiq edilən proqnozdan 5 milyard manat çox olacaq. 

Sfera.az bildirir ki, təsdiq edilən büdcədə cəmi gəlirlərin 8 milyard manat olacağı proqnozlaşdırılırdı. Amma 9 ayın (yanvar-sentyabr) nəticələri və mövcud vəziyyətin təhlili göstərir ki, ilin yekununda fond 12,88 milyard manat, yəni proqnozdan 61 faiz çox gəlirə sahib olacaq. 

Gəlirin bu qədər artması neftin qiymətinin xeyli yüksəlməsi ilə bağlıdır. Neft Fondunun büdcəsi qəbul ediləndə neftin ortaillik qiymətinin 40 dollar olacağı təxmin edilirdi. Amma yanvar-sentyabr ayları ərzində orta qiymət 61,1 dollar olub ki, bu da proqnoz qiymətdən 21,1 dollar və ya 52,75 faiz çoxdur. Neft bazarlarında qiymətlər sentyabrdan sonra bir qədər də yüksəlib və 70 dolları ötüb. Buna görə də ilin yekununda Azərbaycanın ixrac etdiyi neftin ortaillik qiymətinin bir qədər də artacağı yəqindir. 

Gözlənilir ki, Neft Fondu bu artımlarla birgə neft və qazın satışından 10,6 milyard manat (proqnozda 6,44 milyard manat), fondun vəsaitinin idarə olunmasından əldə olunan gəlirlər 1,48 milyard manat (proqnozda 760 milyon manat) təşkil edəcək. 
Proqnoza əsasən, Neft Fondunun 2021-ci ildəki xərcləri 12,25 milyard manat olmalıdır. Amma faktiki icra vəziyyəti göstərir ki, bu il Neft Fondunun xərcləri azalacaq. İlk 9 ayda fond nəzərdə tutulan xərclərin 59,8 faizini icra edib. 

Gəlirlərin artması, xərclərin isə azalması hesabına ilin ilk 9 ayında fondun büdcəsində 3,116 milyard manat (1,833 milyon dollar) müsbət fərq yaranıb. Bu fərqin hesabına ilk 9 ayda fondun aktivlərinin 1,99 milyard manat (1,17 milyard dollar) dəyərsizləşməsinə baxmayaraq, aktivlərin ümumi dəyəri 1,126 milyard manat (662,2 milyon dollar) artıb və 44,23 milyard dollara yüksəlib. 

İlin sonunda Fondun aktivlərinin 44,5 milyard dollara çatacağı ehtimal edilir.  

Vasif
Sfera.az

  


OXŞAR XƏBƏRLƏR