- Rauf bəy, prezidentlə görüş necə keçdi? - Öncə onu deyim ki, mən media fəaliyyətinə başlayarkən, mükafat alacağımı gözə almayan adamlardanam. Biz bu prosesə başlayanda ölkədə vəziyyət başqa idi. Mükafat yox, əksinə, rusların, kommunistlərin basqısını, şəhid olmağı gözə almışdıq. Amma işin gedişində - yəni mediada olduğum bu 26 ildə çoxsaylı mükafatlar almışam. Oxucularımdan, xalqımdan böyük sayğı, dəstək görmüşəm. İllərdir ki, ölkənin əsas media quruluşunun rəhbəri olmaq şansını oxucularım mənə verib. Tiraj onların tirajıdır, onların münasibətidir, onların rəyinin nəticəsidir. İkincisi, Allahımdan mükafat almışam ki, belə bir qisməti, taleni mənim üçün yazıb, arxamda, başımın üstündə durub. Eyni zamanda qəzetin kollektivindən hər zaman razı olmuşam. Kollektivimizdə adətən dəyişim az olur. Bu da bizim stabilliyimizin, həyata baxış fəlsəfəmizin göstəricisidir. Bunlar mənim üçün böyük mükafatlardır. İndiyə qədər Ali Media Mükafatı almışam, Türk Dünyasına Xidmət ödülü, Türkiyədən, xarici ölkələrdən, “Sərhədsiz Reportyorlar”dan, ən müxtəlif media quruluşlarından dünya çapında mükafatlar almışam. “Əməkdar jurnalist” adını isə 26 illik fəaliyyətdən sonra mənə öz dövlətim verdi. Bunu həm də ona görə əhəmiyyətli hesab edirəm ki, Azərbaycanda bir dövlət gələnəyi formalaşır. Açığı, tənqidi medianın parlaq təmsilçisi kimi, 20 ildən artıq bu hakimiyyətə qarşı tənqidçi mövqe tutan bir yazar kimi, o siyahıda adım olsa belə, mükafat alacağımı düşünmürdüm. Bizim qəzetimizin ayrıca təqdimatı var idi, biz bir neçə yazarımızı mənim imzamla mükafat almaq üçün təqdim etmişdik. Böyük ümidlərlə gözləyirdim ki, onlar “Əməkdar jurnalist” adı alacaqlar. Özümlə bağlı heç bir gözləntim olmadığı üçün sənədlərimi belə təqdim eləməmişdim.
- Xəbəri hardan öyrəndiz?- AzadlıqRadiosundan. Gözlənilməz oldu... Mükafatın önəmi bir daha qeyd edirəm ki, dövlətin jest eləməsindədir. Bu jest həm məmuriyyət, həm də müxalifət düşərgəsinin bəzi kəsimləri üçün bir qədər də tərbiyəvi əhəmiyyət daşıyır. Əslində mən ən kəskin münasibətdə olduğum müxalifət liderlərindən də təbrik gözləyirəm. Çünki bugünkü fraqmentdə mən onlarla ziddiyyətdəyəm. 26 ilin az qala 20 ilini bir yerdə yol gəlmişik. Hər dəfə heyrətə gəlirəm ki, bu qədər münasibətlərə, bizim xidmətimizə baxmayaraq, Azərbaycanda müxalif kəsimin təmsilçiləri cəmi bir məqalə ilə insandan və qəzetdən soyuyurlar, sanksiya çıxarırlar, qərar verirlər, boykot edirlər. Bu da yaxşı bir şey deyil. Nə demokratikdi, nə dövlətçi. Dözümlü olmaq gərəkdir. Başa düşürəm, dünyanın heç yerində qəzetçiləri sevmirlər. Ancaq qəzetçiyə dözmək özü bir kültürdür. Bu gün Azərbaycan prezidenti o kültürü, mədəniyyəti göstərdi. Mənə elə gəlir, bu, çoxlarına dərs olacaq. Ona görə də bu mükafat mənim üçün bir nümunə olaraq önəm daşıyır. Təbii, əməyimin hər hansı bir cümlə ilə qiymətləndirilməsini xoş qarşılayıram. Hətta bu cümlə mənə qarşı neqativ olanda belə. Baxın, bu gün siyasi gündəmin tam mərkəzində mənim, qəzetin adıdır. Bu mənim üçün çox xoşdur. Ona görə belədir ki, biz günün əsas amili olmağı bacarırıq. 200-ə yaxın adam ad alır, ancaq tənqid, müzakirə hissəsi bizimlə bağlı olur. Bu özü də çox önəmli bir məsələdir. Mənim mükafatımı yaxşı mənada tamamlayan məsələdir.
- Mükafat aldıqdan sonra müxalifət düşərgəsinin bəzi nümayəndələri tərəfindən sosial şəbəkələrdə ağır şəkildə tənqid olunursuz. Buna münasibətiniz necədir? - Mən çox narahatam, çox qorxuram ki, iqtidar dəyişimi olarsa və bu dəyişim indiki müxalifətin bazasında baş verərsə, bu, daha dəhşətli nəticələrə gətirib çıxarar. Mən buna əminəm. Kiçik imkanlarla - sosial mediada və cəmi bir qəzetdə bizə olmazın sözlər yazdıran, təhqir etdirən, sözün həqiqi mənasında, söydürən kəsim əlinə iqtidar keçərsə, daha fərqli davranar. Sizə bir nümunə deyim. Siyasi radikallıq, mətbu radikallıq dini radikallığa, İŞİD radikallığına bərabərdir. Biri kamikadzelər hazırlayır, insanları öldürür, yaralayır, digərləri də ağzında söz partladan kamikadzelər hazırlayır - insanları, bütünlükdə toplumu zədələyir.
“Şəhid” kəmərini çəkib özünü partladan İŞİD-çi ilə ağzındakı söyüşləri parladan “kərimovçular”ın heç bir fərqi yoxdur. Dediyim odur ki, bu jest olunub, bu addım atılıb. Bu, qarşı tərəf üçün də elə asan deyil. Onlar üçün də mənim nələr yazdığım, nələr söylədiyimlə tanış olmaq üçün yetərincə material bazası var. Amma bu jest edildi, dövlətçilik açısından davranıldı. Bu nümunənin digər düşərgə təmsilçilərinə keçməsini də arzu eləyərdim. Bu cür radikallığın, aqressivliyin, nifrinin aradan və leksikondan götürülməsini arzu edərdim. O söyüş, qarğış, təhqir götürülməyənə qədər həbslər davam edəcək. İnsanların çoxunu onlar “qazlayıb” qabağa verirlər. Öz uşaqlarını, ailələrini ölkədən çıxarırlar, camaatın övladlarını tutdururlar. Bu prosesi dayandırmaq lazımdır. Söyüşlə, qaragüruhçuluqla hakimiyyətə gəlmək və ictimai dayaq qazanmaq taktikası uğursuzluğa məhkum olur. Bu taktikadan imtina etmək lazımdır. Bu mənada o qədər də narahat deyiləm. Bir düşərgə ki, bu siyasətlə iflasın eşiyinə gəlib, ən yaxın adamları belə onu tərk edir, o siyasətin mənə doğru kükrəməsindən niyə narahat olum ki? Böhran daha da dərinləşir. Bizimlə toqquşa-toqquşa onların hansı duruma düşdüyünü görürük. Məsələni yalnız o istiqamətə yönəltmək istəmirəm - mənim beynimdə yalnız o deyil. Mənim beynimdə, düşüncəmdə odur ki, prezident bizimlə həmin görüşdə çox önəmli mesajlar verdi. Mən bir media təmsilçisiyəm, heç bir başqa siyasi iddiam yoxdur ki... Mən onun rəhbərlik etdiyi Azərbaycanda işləmək, buradan qaçmamaq, çalışmaq haqqında qərar vermişəm. Onun davranışları, hərəkətləri, mesajları mənim üçün müxalif düşərgənin addımları, mesajları qədər və ondan daha çox önəmlidir. Çünki imkanlar və təsiretmə gücü fərqlidir.
- Yeri gəlmişkən, dövlət başçısı görüşdə hansı mesajları verdi?- Açıq mətnlə dedi ki, bizi oxuyur. Bildirdi ki, öncələr mətbuat xidməti və digər strukturlar bu xidməti həyata keçirirdilər, bəzən xülasə gecikirdi, bəzən məmur özbaşınalıqları ilə bağlı xəbərləri, baş verən olayları məndən gizlədirdilər, ancaq indi yaxın çevrəmdəki insanlar da görürlər ki, mən xəbərləri onlardan tez alıram. Çox böyük jest edib, bizim önəmimizi vurğuladı, dedi ki, bu, sizin sayənizdə baş verir, mən sizin saytları oxuyuram, məlumatları alıram, hesab edirəm ki, mətbuatla prezidentin əməkdaşlığı davam etməlidir. Gördüyünüz kimi, mən məsələni media meneceri kimi dəyərləndirirəm. Prezident düşünür ki, beynəlxalq miqyasda Azərbaycana qarşı haqsız kampaniya gedir. O, bir ifadə işlətdi ki, biz informasiyaları alıb təhlil etdikcə həmin kampaniyanın ardından erməni lobbisinin uzun qulaqlarının çıxdığını gördük, buna görə bu qərara gəlmişik ki, Azərbaycanda müəyyən tirajı olan informasiya vasitələrinin müxtəlif dillərdə əlavələri olsun, bunun üçün dövlət hər cür dəstək verməyə hazırdır. Təbii, mən burada özümə də pay götürdüm. Ən öndə olan bir neçə saytın rəhbəri olaraq düşündüm ki, bu, bizim işimizə yarayan prosesdir. Biz Azərbaycan və rus dillərində keyfiyyətli sayt qurub informasiya prosesi apara biliriksə, bunu ingiliscə, fransızca və başqa dillərdə də təşkil edə bilərik. Hesab edirəm ki, əgər belə bir qərar olsa, tamamilə doğru olar və Azərbaycanın saytları yazılı mətbuat kimi dəstək alaraq bu işə başlasa, həm Azərbaycan üçün, həm də hakimiyyət üçün böyük bir fayda ortaya çıxmış olar.
- Prezident bizi oxuyursa, demək, məmur özbaşınalıqları haqqında yazılanlardan da xəbərdardır. Bu haqda söhbət oldumu? - Bəli. Məmur özbaşınalığından, yerlərdə insanların incidilməsindən, ağacların kəsilməsindən, paytaxtda qanunsuz işlər görülməsindən, iş adamlarının neqativ planda müəyyən addımlar atmasından - hamısından xəbərdardır. Sadaladığım məsələləri təsnifatlandırdı və dedi ki, idarəetmədə ciddi islahatlara ehtiyac var, bu prosesdə mediaya, onun operativliyinə güvənir.
- Bu gün Azərbaycanın xarici siyasət kursu ilə bağlı da ciddi narahatçılıqlar var. İlham Əliyev çıxışında bu sahəyə də toxundumu?- Dövlət başçısı Azərbaycanın müstəqil siyasət yürüdəcəyi və heç bir xarici basqıya boyun əyməyəcəyi haqda bəyanatlarını bir daha təkrarladı. Söylədi ki, biz müstəqil xətt yürüdürük, ancaq bir sıra dairələrin gözü bizi götürmür, bunun da öz səbəbləri var. Birincisi, biz inkişaf edirik və müstəqil siyasi xətt yürüdürük. İkincisi, erməni lobbisi məsələsidir ki, onların vasitəsilə Azərbaycana qarşı kampaniya müəyyən təkan götürür.
Üçüncü önəmli məsələ də onun fikrincə, Qərb dairələrində islamafobiyanın güclənməsidir. Prezident hesab edir ki, Azərbaycan kimi bir ölkənin inkişaf etməsi müəyyən islamafob Qərb dairələrinə, ölkələrə sərf etmir. O, Azərbaycan mediası vasitəsilə erməni xalqına müraciət etdi, bildirdi ki, mən erməni xalqının quldur rejimin əlində girov olduğunu düşünürəm, təbii, xalq belə bir durumda yaşamaq istəməzdi. Ermənistan Dağlıq Qarabağ münaqişəsi vasitəsilə Azərbaycanla müharibəyə qoşulmasaydı, indi durumu tamam fərqli olacaqdı. Vurğuladı ki, Ermənistan nəinki forpost ölkədir, o, nökər ölkədir, erməni xalqı hazırkı həyata layiq deyil. Erməni lobbisi, bir sıra islamafob ölkələr göstərmək istəyir ki, Azərbaycanda insan haqları pozulur, ancaq belə deyil, bizdə fundamental azadlıqlar təmin olunur. Onlar insan haqlarının pozulması ilə dünyaya göstərmək istəyirlər ki, erməni azlığın da burada hüququ pozulacaq, onların Azərbaycanla bərabər yaşaması mümkün deyil. Prezident bəyan etdi ki, bu, belə deyil, biz erməni xalqının hazırda Ermənistanda mövcud olan hakimiyyətin əlindən qurtulmasını istəyirik, azad, müstəqil olmasını, öz siyasətini özünün müəyyənləşdirməsini istəyirik. Qarabağla bağlı danışarkən onu da bildirdi ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarında dövlət qurub, bunun sübutları var. Eyni zamanda dedi ki, MDB məkanında Qarabağ münaqişəsindən başqa elə bir münaqişə yoxdur ki, onunla bağlı BMT-nin 4 qətnaməsi olsun. Əlimizdə bu qədər güclü arqumentlər olmasına baxmayaraq, biz bunu dünyaya keyfiyyətli təqdim edə bilmirik.
- Belə anlaşılır ki, dövlət başçısı Azərbaycan mediasının xarici auditoriyaya da təsirlərinin artırılması haqda düşünür.- Bu yanaşma bizi qane edir. Prezident deyir ki, xarici siyasətdə ənənəsini götürdüyümüz Qərb mediası Azərbaycan mediasından daha millidir, daha dövlətçidir. O, xarici siyasətlə bağlı mediadan kömək istədiyini vurğuladı. Bu baxımdan mən bu yanaşmanı haqlı hesab edirəm. Amma eyni zamanda dəfələrlə bildirdi ki, bizim mövcudluğumuz Azərbaycanda söz və mətbuat azadlığının olmasının sübutudur. Onun bizə necə baxmağından asılı olmayaraq, bizim mövcudluğumuzu istəyirsə, mövcudluğumuzun genişlənməsinə dəstək verməyə hazırdırsa, bu, indiki şərtlər altında bizim sığortamız, gələcəyimiz deməkdir.
Sfera.az