Moldova mətbuatında 62 erməni terrorçu-diversantı ilə bağlı məqalə dərc olundu

Moldova mətbuatında 62 erməni terrorçu-diversantı ilə bağlı məqalə dərc olundu
Moldovanın nüfuzlu TRİBUNA informasiya portalında və coment.md xəbər saytında "Кем являются 62 члена армянского военного отряда, захваченные азербайджанскими военными в середине декабря прошлого года?” ("Ötən ilin dekabrında Azərbaycan hərbçiləri tərəfindən saxlanılan erməni hərbi dəstəsinin 62 üzvü kimlərdir?”) adlı məqalə dərc olunub. 

Sfera.az bildirir ki, məqalədə keçən ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatdan sonra bölgədə baş verən proseslər təhlil edilir. Bu xüsusda yazıda sözügedən bəyanata əsasən bölgəyə rus sülhməramlılarının yerləşdirilməsi, Dağlıq Qarabağdakı təmas boyunca Rusiya müşahidə məntəqələrinin qurulması, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması, Rusiya-Türkiyə ortaq monitorinq mərkəzinin fəaliyyətə başlanılması və tərəflər arası əsir mübadiləsinin həyatə keçirilməsi barədə bəhs olunur. 

Həmçinin məqalədə qeyd olunur ki, razılaşmaya əsasən hər iki tərəfdən qaçqınların göstərilən ərazilərə qaytarılması və Azərbaycan ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılması nəzərdə tutulub. 

Məqalədə Azərbaycan hərbçiləri tərəfindən keçən ilin dekabrında saxlanılan 62 nəfər erməni terrorçu-diversant məsələsinə diqqət yetirilib. Vurğulanır ki, erməni tərəfi müxtəlif beynəlxalq platformalar da daxil olmaqla sistemli şəkildə Azərbaycandakı erməni "əsirləri" məsələsini gündəmə gətirir. Lakin bu şəxslərin "hərbi əsir” deyil diversant və terrorçu olduqları, onların müharibədən 20 gün sonra törətdikləri təxribat və terror aktları nəticəsində 4 azərbaycan hərbçisinin həlak olduğu, 1 mülki şəxsin yaralandığı və  bu şəxslərin "hərbi əsir” kateqoriyasına daxil olmadıqları qeyd olunur. 

Həmçinin məqalədə bildirilir ki, Ermənistan tərəfi Azərbaycan ərazilərinə Ermənistan silahlı qüvvələrinin şəxsi heyətini qanunsuz yollarla yerləşdirmək cəhdlərindən əl çəkmir. Bu isə gələcəkdə belə təxribatların təkrarlanmasını istisna etmir. Bununla yanaşı, məqalədə Azərbaycanın bölgədə yeni format əməkdaşlığın qurulmasına hazır olduğu, lakin belə təxribatların gələcəkdə təkrarlandığı halda onlara Azərbaycan tərəfindən adekvat cavab veriləcəyi vurğulanır.
 
Sonda müəllif, Ermənistanı bölgədə yeni mövcud olan reallıqları qəbul etməyə, qonşularla normal münasibətlər qurmağa və bölgədə kommunikasiya xətlərinin açılmasından faydalanmaqla yanaşı regional layihələrin tam hüquqlu iştirakçısı olmağa çağırır. 

Aşağıdakı linklərdən məqalə ilə daha ətraflı tanış olmaq mümkündür:  







OXŞAR XƏBƏRLƏR