Mis bahalaşır - Azərbaycanın gəlirləri artdı

Mis bahalaşır - Azərbaycanın gəlirləri artdı
Misin qiymətinin son bir ildə davamlı yüksəlməsi Azərbaycanın bu metalın ixracından əldə edilən gəlirinin xeyli artmasına səbəb olub. 2021-ci ilin birinci rübündə mis ixracından gəlirimiz 13,062 milyon dollara çatıb. 

Sfera.az bildirir ki, bu göstərici son illərin ən yüksək göstəricisidir. Belə ki, mis ixracının dəyəri 2017-ci ilin birinci rübündə 7,2 milyon dollar, 2018-ci ilin birinci rübündə 8,9 milyon dollar, 2019-cu ilin ilk rübündə 12,88 milyon dollar, 2020-ci ilin birinci rübündə 4,74 milyon dollar olmuşdu. 

Ötən ilin eyni dövrü ilə müqayisədə mis ixracının dəyərində 2,75 dəfə artıb. 
Beynəlxalq birjalardakı qiymət dəyişikliklərinin təhlili göstərir ki, misin qiyməti 2020-ci ilin martın 1-dən bəri 2 dəfədən çox artıb. Martın 1-də bir tonunun qiyməti 4925 dollar olan misin dəyəri hazırda 9988 dollardır. Müqayisə edilən müddətdə misin qiyməti 2,03 dəfə artıb. 

Qiymət artımını nəzərə alaraq deyə bilərik ki, 2021-ci ilin birinci rübündə mis ixracının kəskin artmasında əsas rolu misin 2 dəfədən çox bahalaşması oynayıb.

"Goldman Sachs”in proqnozuna görə, bu il misin qiymətində 2011-ci ildə qeydə alınan rekord göstərici qeydə alınacaq. Həmin tarixdə misin bir tonu 10190 dollar olmuşdu. Mis daha 2,5 faiz bahalaşacağı təqdirdə tarixi rekord yeniləcək. 

Bəs, misin qiymətinin belə sürətlə yüksəlməsinin səbəbi nədir? 

Misin qiymətində sürətlə bahalaşma 3 səbəblə izah edilir. Birinci səbəb kimi Çində və digər yüksək sənayeləşmiş ölkələrdə misə tələbin xeyli artması göstərilir. 

Misə tələbin artması ilə paralel olaraq dünyada mis istehsalında azalma var. Bu, ikinci səbəbdir.  İstehsalın azalmasına ən böyük töhfəni Çili verib. Çili dünyada ən çox mis istehsal edən ölkədir. Burada müxtəlif səbəblərdən mis istehsalı nəzərəçarpacaq dərəcədə azalıb. 

Üçüncü səbəb, yaşıl enerjiyə keçid prosesinin sürətlənməsidir. Yaşıl enerji sahələrində avadanlıqların istehsalında misə tələb böyükdür. Buna görə də investorların mis satışına sərmayə qoyuluşunu artırması müşahidə edilir. 
İnvestisiya şirkətləri hesab edir ki, uzunmüddətli investisiya qoyuluşunun artması misin daha çox bahalaşmasına səbəb ola bilər. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR