Mehriban Əliyevadan ictimaiyyətə hədiyyə - FOTOLAR
17:21 / 12.05.2021
3206
Heydər Əliyev Fondu tərəfindən ilk dəfə olaraq Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu nəşr olunub.
Sefer.az xəbər verir ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət "Əbədi imzalar” toplusu Şuşa şəhərində keçirilən "Xarıbülbül” musiqi festivalı çərçivəsində təqdim edilib.
"Əbədi imzalar” layihəsi Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Nəşr Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması münasibətilə ictimaiyyətə hədiyyə olaraq təqdim edilib.
Layihə çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notları ilk dəfə toplu olaraq nəşr edilib.
Topluda Azərbaycan bəstəkarlıq məktəbinin 6 görkəmli nümayəndəsi - Asəf Zeynallı, Cövdət Hacıyev, Fikrət Əmirov, Qara Qarayev, Niyazi və Vasif Adığözəlovun əsərlərinin notları yer alıb.
İcrasına 2019-cu ildə başlanılan layihə çərçivəsində 6 bəstəkarın əsərlərinin yer aldığı 71 məcmuə dərc olunub. Bununla yanaşı, topluya 12 not qovluq da əlavə edilib. Həmin qovluqlar bəzi simfonik və kamera-instrumental əsərlərinin müxtəlif alətlər üçün solo partiyalarının notlarıdır.
Topluda nəşr olunan əsərlərin sırasında ilk dəfə işıq üzü görən nümunələr də var. Bəzi əsərlərin notları isə sovet dövründə dərc olunsa da, həmin nəşrlərin əksəriyyətində ciddi çap səhvləri aşkarlanmışdı. Heydər Əliyev Fondunun layihəyə cəlb etdiyi peşəkar heyətin iştirakı ilə həmin əsərlər redaktə prosesindən keçib. Azərbaycan və digər ölkələrin arxivlərində əsərlərin notları araşdırılaraq tapılıb, həmçinin, bəstəkarların varislərinin iştirakı ilə müəlliflərin əlyazmaları üzrə müqayisələr aparılaraq seçilib və yenidən nəşr olunub. Toplu Azərbaycan musiqisi ənənələrinin, bəstəkarlarımızın əsərlərinin qorunub saxlanılması və yeni nəsil arasında təbliği baxımından əhəmiyyət daşıyır.
"Əbədi imzalar" layihəsi çərçivəsində digər görkəmli bəstəkarlarımızın da əsərlərinin notlarının təqdimatı nəzərdə tutulur.