Salah “Beşiktaş”ı ələ saldı: “35 faiz” paylaşımı gündəm oldu
Misirli futbolçu Məhəmməd Salah Türkiyə Super Liqasında “Beşiktaş”la oyundan sonra diqqətçəkən paylaşım edib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Trabzonspor” çempionatın VIII turunda doğma meydanda “Beşiktaş”ı 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmada Ozan Tufan 21-ci dəqiqədə, Salah isə 71-ci dəqiqədə fərqlənib.
Qələbədən sonra sosial şəbəkə hesabında matçdan fotolar paylaşan Salah “Yüzdə otuz beş” ifadəsini yazıb və göz vuran emoji əlavə edib. Bu paylaşım futbolçunun “Beşiktaş”a atmaca atması kimi qiymətləndirilib.
Belə ki, yay transfer dövründə “Beşiktaş” Salahı heyətinə qatmaq istəyib. Lakin klub prezidenti Serdal Adalı futbolçunun meneceri Ramy Abbasın transfer üçün təxminən 35 faiz komissiya tələb etdiyini açıqlayıb. Adalı bu məbləğin qəbulolunmaz olduğunu bildirmiş və Salahın həmin tələbdən xəbərdar olduğuna inanmadığını söyləmişdi.
Salahın son paylaşımı həmin mübahisəni yenidən gündəmə gətirib. O, “Trabzonspor”un heyətində “Beşiktaş”a qarşı qol vurduqdan sonra transfer danışıqları ilə bağlı diqqətçəkən mesaj verib.
Qeyd edək ki, bu qələbədən sonra “Trabzonspor” xallarını 16-ya çatdırıb və turnir cədvəlində “Beşiktaş”ı qabaqlayıb. Salah isə çempionatda 8 qolla bombardirlər siyahısında ilk pilləyə yüksəlib.
Fatimə
Sfera.az






