“Qalatasaray”ın ulduzuna göz dikdilər
Argentinanın “Boka Xuniors” klubu “Qalatasaray”ın uruqvaylı yarımmüdafiəçisi Lukas Torreyra ilə maraqlanır.
Sfera.az bildirir ki, Türkiyə mətbuatında yayılan məlumata görə, 2027-ci ildə klub prezidentliyinə seçkilərə hazırlaşan “Boka Xuniors” rəhbərliyi güclü heyət formalaşdırmaq istəyir. Bu məqsədlə komandanın transfer siyahısına “Qalatasaray”ın aparıcı futbolçularından biri olan Torreyra da daxil edilib.
İddialara əsasən, Argentina klubu 30 yaşlı futbolçu üçün təxminən 10 milyon avro ödəməyə hazırdır. Lakin “Qalatasaray” rəhbərliyinin bu təklifə necə yanaşacağı hələlik məlum deyil.
Qeyd edək ki, Lukas Torreyra daha əvvəl “Boka Xuniors”da oynamaq arzusunu dilə gətirib. Bununla belə, futbolçu iyul ayında verdiyi açıqlamada “Qalatasaray”da xoşbəxt olduğunu və klubda qalmaq istədiyini bildirib.
Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Fatimə
Sfera.az






