İnsanabənzər bu robot 20 saat işləyəcək – Yeni texnologiya

İnsanabənzər bu robot 20 saat işləyəcək – Yeni texnologiya
Kateqoriya məlum deyil
T

ABŞ-nin "Agility Robotics" şirkəti yeni "Digit 5"insanabənzər robotunu təqdim edib.

Yeni batareya sistemi sayəsində robot enerji doldurmaq üçün fasilələr də nəzərə alınmaqla gündə 20 saata qədər işləyə biləcək.

Sfera.az xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşri məlumat yayıb.

"Digit 5" üçün Britaniyanın "Nyobolt" şirkətinin sürətli enerji doldurma texnologiyasından istifadə olunub. Bildirilir ki, robotun cəmi 9 dəqiqə enerji ilə təmin edilməsi ona növbəti 90 dəqiqə ərzində işləməyə imkan verəcək.

Yeni modeldə iş vaxtının enerji doldurma müddətinə nisbəti 10:1 təşkil edəcək. Müqayisə üçün qeyd edək ki, əvvəlki "Digit 4" modelində bu göstərici 2:1 olub.

Robotun fasiləsiz işləmə müddətinin artırılması onun gündə iki növbədən çox istifadə edilməsinə şərait yarada bilər. Bu, xüsusilə anbarlar, paylama mərkəzləri və istehsal müəssisələri üçün əhəmiyyətlidir. Belə müəssisələrdə enerji doldurmaq üçün uzun fasilələr avtomatlaşdırmanın səmərəliliyini azalda bilər.

Agility Robotics şirkətinin kommersiya direktoru Daniel Diez bildirib ki, Digit robotunun fasiləsiz işləmə müddəti müştərilər üçün əsas göstəricilərdən biridir. Onun sözlərinə görə, robotun gündə 20 saatdan çox işləyə bilməsi onun iqtisadi səmərəliliyini artıra bilər.

Nyobolt-un texnologiyası sürətli enerji doldurma və batareyanın uzunömürlü olması üçün hazırlanıb. Tərtibatçılar batareyanın ölçüsünü və çəkisini artırmadan daha yüksək güc əldə etməyə çalışıblar. Bununla belə, şirkətlər batareyanın tutumu və nəzərdə tutulan enerji doldurma dövrlərinin sayı barədə məlumat açıqlamayıblar.

Digit 5 insanlarla təhlükəsiz şəkildə birgə işləmək üçün nəzərdə tutulub. Robotun anbarlarda və istehsalat müəssisələrində yüklərin daşınması və digər tapşırıqların yerinə yetirilməsi üçün istifadəsi planlaşdırılır.

Yeni robotların ilk sifarişçilərə çatdırılmasına 2027-ci ilin birinci yarısında başlanması nəzərdə tutulur. Şirkət bundan sonrakı altı-doqquz ay ərzində robotların əlçatanlığını genişləndirməyi planlaşdırır.

"Agility Robotics", həmçinin "Churchill Capital Corp XI" ilə birləşmə yolu ilə Nasdaq birjasına çıxmağa hazırlaşır. Sövdələşmənin 2026-cı ilin dördüncü rübündə başa çatacağı gözlənilir. Birləşmədən sonra şirkətin "Agility Robotics" adı və AGLT birja kodu ilə fəaliyyət göstərməsi planlaşdırılır.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR