Yunanıstan rəsmiləri ABŞ səfiri ilə ənənəvi vida görüşündən imtina ediblər
Yunanıstan Prezidenti Konstantinos Tasulas və ölkənin digər yüksəkvəzifəli rəsmiləri ABŞ-ın səfiri Kimberli Gilfoyl ilə ənənəvi vida görüşü keçirməkdən imtina ediblər.
Sfera.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, səfirin vəzifədən ayrılması bir sıra qalmaqallı məlumatlarla müşayiət olunub. ABŞ səfirliyinin əməkdaşları isə onun qəfil gedişini görünməmiş hadisə kimi qiymətləndiriblər.
Gilfoyl çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp və Ağ Evin onun istefasını tələb etməsindən sonra vəzifəsini tərk edib. Buna səbəb onun davranışı ilə bağlı yayılan məlumatlar olub.
Tənqidlərə səbəb olan məsələlərdən biri Gilfoylun donorlardan birindən American Express kredit kartı üzrə 100 min dollarlıq borcunu ödəmək üçün pul istəməsi barədə iddialar olub. Məlumatlara görə, o, bunun müqabilində həmin şəxsə şəxsi hüquqi və vergi məsələlərində kömək edəcəyini vəd edib. Sonradan bu iddialarla bağlı böhtan xarakterli məhkəmə iddiası qaldırılıb.
“The Wall Street Journal” nəşrinin yaydığı səs yazısı da əlavə müzakirələrə səbəb olub. Yazıda Gilfoylun Tramp ailəsi ilə şam yeməyinə dəvət edilməməsindən narazılığını emosional şəkildə ifadə etdiyi bildirilir.
Vəzifəsindən ayrıldıqdan sonra Gilfoyl Yunanıstanda ABŞ-ni təmsil etmək imkanı yaratdığına görə Trampa təşəkkür edib. O, həmçinin ünvanına səsləndirilən əsassız ittihamlara qarşı mübarizə aparacağını bildirib.
Bəsti
Sfera.az





