Rusiya TRİPP layihəsinə can atır: Bakı və İrəvan nə edəcək?

Rusiya TRİPP layihəsinə can atır: Bakı və İrəvan nə edəcək?
Kateqoriya məlum deyil
T

Rusiya “Tramp marşrutu” layihəsində (TRİPP ) iştirak etmək istəyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ölkəsi Ermənistan və Azərbaycandan “Tramp marşrutu” layihəsində iştirakla bağlı hələlik müraciət almayıb. Onun sözlərinə görə, əgər belə bir təklif olarsa Moskva bu layihədə iştirak etməyə hazırdır.

Bəs tərəflər Rusiyanın TRİPP layihəsində iştirak etməsinə necə baxır? Rusiyanın layihədə iştirakı üçün hər iki ölkə müraciət etməlidir?

Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı Sfera.az-a açıqlamasında bildirib ki, Rusiya “Tramp marşrutu”nun əhəmiyyətinin nə qədər böyük olduğunu yaxşı anlayır.

Onun fikrincə, açıqlamalar Lavrovun dilindən səslənsə də, əslində, bu, Putinin mesajları idi. C.Abbaslı dedi ki, Lavrovun açıqlamasına əsaslanıb Putinin “Tramp marşrutu”na qoşulmaq niyyətində olduğunu düşünmək olar.

Ekspertin fikrincə, bu layihə reallaşarsa, regionda böyük inkişafa yol açacaq:

“Artıq bu layihənin imzalanmasından bir ildən çox vaxt keçib. Bu müddət ərzində “Tramp marşrutu” layihəsinin reallaşması istiqamətində kifayət qədər addımlar atılıb. Amma sözsüz ki, son addım Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Sülh müqaviləsi imzalandıqdan sonra layihə də sürətlə reallaşacaq”.

O, vurğulayıb ki, Rusiya “Tramp marşrutu”na qoşulmaq niyyətindədirsə, sülh müqaviləsinin imzalanmasında da maraqlı tərəflərdən biridir:

“Ümumiyyətlə, düşünürəm ki, tərəflərin hər ikisi — istər Azərbaycan, istərsə də Ermənistan Rusiya kimi böyük bir dövlətin bu layihədə yer almasına müsbət yanaşır”.

C.Abbaslı xüsusilə qeyd edib ki, bu açıqlamanın arxasında Ukraynaya yönəlmiş mesaj da ola bilər:

“Son günlər Rusiya ilə ABŞ arasında enerji sövdələşməsi barədə iddialar yayılıb və bu iddiaların Zelenski hakimiyyətini kifayət qədər narahat etdiyi bildirilir. Hətta bununla bağlı Zelenskinin narahatlıq doğuran açıqlamalarını da görürük. Hesab edirəm ki, Putin bununla belə bir mesaj verir: “Mən Amerika ilə yaxınlaşıram, yəni ABŞ artıq sizi əli ilə kənara itələyir””.

Qeyd edək ki, Moskvanın bu prosesdə hansı formada yer alacağı, eləcə də layihənin Azərbaycan-Ermənistan münasibətlərinə və ABŞ-Rusiya əlaqələrinə necə təsir göstərəcəyi tərəflərin növbəti addımlarından asılı olacaq.

Fatimə Ələkbər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR