Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olundu

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olundu
Kateqoriya məlum deyil
T

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub.

Sfera.az xəbər verir ki, oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sənətkarın yubileyinə həsr olunan “Səhnədə ömür, sənətdə əbədilik” adlı tədbir keçirilib.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan gecədə Prezident Administrasiyasının rəsmiləri, mədəniyyət naziri Adil Kərimli, millət vəkilləri, tanınmış mədəniyyət xadimləri və sənətsevərlər iştirak ediblər.

Tədbirdə Mədəniyyət Nazirliyinin yubilyara ünvanladığı təbrik məktubu oxunub. Daha sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Əməkdar incəsənət xadimləri İlham Rəhimli və Abdulla Qurbani çıxış edərək Nurəddin Mehdixanlının Azərbaycan teatr və kino sənətinə verdiyi töhfələrdən, yaratdığı yaddaqalan obrazlardan və sənətə sədaqətindən danışıblar.

Yubiley gecəsində Xalq artistləri Mələkxanım Əyyubova, Samir Cəfərov və Nazpəri Dostəliyeva musiqi nömrələri ilə sənətkarı təbrik ediblər.

Tədbirdə Gürcüstanın tanınmış teatr rejissoru Robert Sturua, Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru David Sakvaralidze, Türkiyə Dövlət Teatrlarının baş direktoru Tamer Qaradağlı və Moldova Milli Teatrının bədii rəhbəri Petru Vutkereunun videomüraciətləri nümayiş olunub. Özbəkistan Milli Akademik Dram Teatrının direktoru Yodqar Saqdiyevin də yubilyara ünvanladığı təbrik məktubu oxunub.

Gecənin bədii hissəsində Nurəddin Mehdixanlının rol aldığı “Aydın”, “Solğun çiçəklər”, “Özümüzü kəsən qılınc”, “Hələ sevirəm deməmişdilər”, “Pəncərədə işıq”, “Xurşidbanu Natəvan” və “Kral Lirin faciəsi” tamaşalarından məşhur dialoqlar, eləcə də “Cavad xan” filmindən fraqment təqdim edilib.

Sonda çıxış edən Nurəddin Mehdixanlı yubiley gecəsinin təşkilatçılarına, iştirakçılara və onu təbrik edən hər kəsə minnətdarlığını bildirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR