Ermənistan Ukrayna ilə yaxınlaşır - Moskvanı qıcıqlandıran daha bir addım
Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumu çərçivəsində Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb. Nazirlər Ermənistan və Ukrayna arasında ikitərəfli münasibətlərin inkişafı imkanlarını müzakirə edərək, siyasi dialoqun dinamik davamlılığını vurğulayıblar. Ararat Mirzoyan və Andriy Sibiqa iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün mümkün variantları da müzakirə ediblər.
Maraqlıdır, Ermənistan-Ukrayna yaxınlaşması Rusiyaya hansı mesajı verir? Ukrayna ilə ticarət əlaqələrinin genişləndirilməsi Ermənistan üçün hansı imkanları yarada bilər?
Bu haqda Milli Məclisin deputatı Hikmət Babaoğlu Sfera.az-a açıqlama verib.

O bildirib ki, Ermənistan artıq başa düşür ki, Azərbaycanla sülh əldə etmək digər ölkələrlə iqtisadi əməkdaşlıq üçün də yeni perspektivlər yaradır:
“Nəticə etibarilə, qərbdən, şərqdən və şimaldan gələn nəqliyyat xətləri məhz Azərbaycan üzərindən keçir. Ona görə də düşünürəm ki, Ermənistan bu perspektivləri qiymətləndirərək Ukrayna ilə əməkdaşlıq etməyə çalışır”.
Deputat hazırkı şəraitdə Ukraynanın Rusiya üzərindən ticarət aparmasının mümkün olmadığını bildirib:
“Bu ticarətin yeganə yolu Azərbaycan və ya Türkiyə üzərindən, Qara dəniz vasitəsilə mümkündür. Bizim də məqsədimiz yaratdığımız bağlantılar üçün maksimum yük mənbələri aşkar etmək və tranzit əlaqələrindən daha çox dividend əldə etməkdir. Ona görə də düşünürəm ki, Ermənistan Azərbaycanla sülh sənədi imzalayarsa, bu cür münasibətlərin qurulması qaçılmaz olacaq. İqtisadi münasibətlər və tərəfdaşlıq nə qədər çoxşaxəli olarsa, bir o qədər yaxşıdır”.
Bəsti Rəfizadə






