Cinayətkar qruplaşmalara qarşı əməliyyat: 175 nəfər həbs edildi
İstanbulda son bir ay ərzində mütəşəkkil cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyatlar zamanı saxlanılan 289 şübhəlidən 175-i həbs olunub.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları sentyabrın 10-dan oktyabrın 10-dək silah istehsalı, ticarəti və qaçaqmalçılığı ilə məşğul olan, eləcə də obyektlərə silahlı hücum, qarət, xəsarət yetirmə, hədə-qorxu və qəsdən adam öldürmə kimi cinayətlərdə şübhəli bilinən şəxslərə qarşı əməliyyatlar keçirib.
Əməliyyatlar nəticəsində 289 nəfər saxlanılıb. Onlardan 175-i həbs edilib, 63 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunaraq sərbəst buraxılıb. Daha 51 şübhəlinin polis idarəsindəki istintaq prosesi davam edir.
Əməliyyatlar zamanı 155 odlu silah, 6 ov tüfəngi və 1024 patron müsadirə edilib.
İstanbul Polis İdarəsinin rəisi Səlami Yıldız əməliyyatlarda iştirak edən əməkdaşlarla görüşərək onları təbrik edib. O, son bir ayda 20 obyektə silahlı hücum cəhdinin qarşısının alındığını bildirib.
Yıldız cinayətkarlıqla mübarizənin eyni qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.
Fatimə Ələkbər
Sfera.az






