Ukraynanın Rusiyaya hücumu Türkiyədə taksi sürücülərinə təsir etdi: Ödənişlər dayandırılıb
Ukraynanın Rusiyanın Vladimir vilayətində yerləşən “Yandex” şirkətinə məxsus məlumat mərkəzinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumu Türkiyədə taksi sürücülərinin ödənişlərində problemlərə səbəb olub.
Sfera.az xəbər verir ki, “Yandex” şirkəti hücum nəticəsində məlumat mərkəzinin zədələndiyini və fəaliyyətinin tamamilə dayandırıldığını açıqlayıb. Hazırda şirkətin mütəxəssisləri və təcili yardım qrupları ərazidə işləyir. Müştərilərə alternativ sistemlərdən istifadə etmək tövsiyə olunub, texniki dəstək xidmətlərində də fasilələrin yarana biləcəyi bildirilib.
İstanbul Taksi Sürücüləri Peşəkar Palatasının sədri İsmet Dalcı bildirib ki, “Yandex Go” tətbiqindən istifadə edən taksi sürücüləri 2-3 gündür ödənişlərini ala bilmirlər. Məlumatlara çıxışın məhdudlaşması şirkətin sürücülərə nə qədər vəsait ödəməli olduğunu müəyyənləşdirməsini də çətinləşdirib. Dalcı yaranmış vəziyyətin sürücülər arasında ciddi narazılığa səbəb olduğunu da qeyd edib.
Onun sözlərinə görə, D2 sənədli nəqliyyat vasitələri taksi statusuna malik deyil. O, tətbiqin bu avtomobillərin qanuni taksi fəaliyyəti göstərirmiş kimi təqdim olunmasına şərait yaratdığını iddia edərək “Yandex Go”nun istifadəsinə qarşı olduqlarını bildirib.
İradə Elsevər
Sfera.az






