Fələstində seçkilər 2027-ci ilin sentyabrına təxirə salındı

Fələstində seçkilər 2027-ci ilin sentyabrına təxirə salındı
Kateqoriya məlum deyil
T

Fələstin Prezidenti Mahmud Abbas qanunvericilik seçkilərini 2027-ci ilin sentyabr ayına təxirə salıb.

Sfera.az bildirir ki, Fələstinin "Wafa"xəbər agentliyinin şənbə günü yaydığı məlumata görə, Abbas prezident və qanunvericilik seçkilərinin 2027-ci il sentyabrın 11-də keçirilməsi ilə bağlı fərman imzalayıb.

Məlumata əsasən, prezident administrasiyası qərarı seçkilərin keçirilməsi üçün zəruri şəraitin yaradılmasına mane olan təhlükəsizlik, logistika və sahədəki çətinliklərlə əsaslandırıb.

Daha sonra "Wafa" xəbər agentliyi Fələstin xalqının rəsmi nümayəndəsi olan Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin seçkilərin təxirə salınmasını təsdiqlədiyini bildirib. Qeyd olunub ki, seçkilərin elan edilməsindən sonra şərait əsaslı şəkildə dəyişib.

Qanunvericilik seçkilərinin ilkin olaraq bu il noyabrın 28-də keçirilməsi nəzərdə tutulurdu.

Avropa İttifaqı (Aİ) isə seçkilərin noyabr ayında baş tutmasına dəstəyini ifadə etmişdi.

Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bu həftənin əvvəlində bildirmişdi ki, seçkilər Fələstin institutlarının legitimliyinin yenilənməsi üçün çoxdan gözlənilən imkan yaradacaq.

“Fələstinlilərin azad, inklüziv və şəffaf seçkilərdə öz nümayəndələrini seçmək hüququ var”, – deyə Kallas vurğulayıb.

Sentyabr ayında Aİ-nin Aralıq dənizi üzrə komissarı Dubravka Şuitsa da ilin sonunadək seçkilərin keçirilməsi qərarını alqışladığını bildirmişdi.

“Seçkilər mühüm demokratik mərhələ olacaq”, – deyə o, sosial şəbəkədəki paylaşımında qeyd edib.

Şuitsa əlavə edib ki, ədalətli, etibarlı və inklüziv seçki prosesinin təmin edilməsi Fələstin institutlarının gücləndirilməsi baxımından vacibdir.

Seçkilərin təxirə salınması ilə bağlı məlumatların yayıldığı cümə günü İsrailin xarici işlər naziri Gideon Saar Mahmud Abbası vəd edilmiş seçkiləri yenidən ləğv etməklə beynəlxalq ictimaiyyəti aldatmaqda ittiham edib.

Qeyd edək ki, Fələstin ərazilərində qanunvericilik seçkiləri sonuncu dəfə 2006-cı ildə keçirilib. Həmin seçkilərdə islamçı HƏMAS hərəkatı FƏTH partiyasını məğlub edərək qalib gəlib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR