Putin-Tramp telefon danışığı: Rusiya ABŞ-yə dizel yanacağı tədarük edəcək
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında cümə günü baş tutan telefon danışığı “çox məzmunlu və dostyana” olub.
Sfera.az bildirir ki, bu barədə “İnterfaks” agentliyi Kremlin köməkçisi Yuri Uşakovun açıqlamasına istinadən məlumat yayıb.
Uşakovun sözlərinə görə, təxminən bir saat yarım davam edən söhbət zamanı liderlərdən heç biri danışığı ilk bitirmək istəməyib.
“Onların heç biri dəstəyi ilk olaraq bitirmək istəmirdi. Danışığı sözün əsl mənasında eyni anda başa vurdular”, – deyə Kremlin rəsmisi bildirib.
Telefon danışığı zamanı Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükü məsələsi də müzakirə olunub. Tərəflərin yanacağın qiymətlərini aşağı salmaq məqsədilə Rusiyanın ABŞ və dünya bazarlarına dizel tədarük etməsi barədə razılığa gəldiyi bildirilir. Bu razılaşma ABŞ-nin Rusiya yanacağına qarşı sanksiyalarının müvəqqəti və gözlənilməz şəkildə yumşaldılmasına səbəb olub. Bu addım Ukraynada narazılıqla qarşılanıb.
Kremlin məlumatına görə, telefon danışığının əsas hissəsi Ukraynadakı müharibənin həlli istiqamətində səylərə həsr olunub. Putin yaxın vaxtlarda üçtərəfli sülh danışıqlarının bərpası ehtimalını isə aşağı qiymətləndirib.
Ukrayna müharibənin başa çatdırılması ilə bağlı danışıqlarda ABŞ-nin dəstəyinə ümid edir. Telefon danışığı barədə məlumat yayıldıqdan sonra Ukrayna Prezidenti Volodimir Zelenski dizel yanacağı ilə bağlı razılaşmanı sərt tənqid edib.
O, qərarı “zəif addım” adlandıraraq bunun “başa çatdırılmalı olan müharibəyə investisiya” olduğunu bildirib.
Qeyd edək ki, Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladıqdan sonra Qərb ölkələri Moskvaya qarşı, o cümlədən Rusiya enerji resurslarının idxalına məhdudiyyətlər tətbiq edib.
Müharibənin dayandırılması istiqamətində indiyədək aparılan səylər nəticəsiz qalıb. Bunun əsas səbəblərindən biri Rusiyanın tam nəzarətində olmayan dörd Ukrayna regionuna dair ərazi tələbləridir.
“Reuters”in məlumatına görə, cümə günü ABŞ, Ukrayna və Avropa ölkələrinin nümayəndələri Mayamidə danışıqlar aparıblar. Müzakirələrin məqsədi yaxın həftələrdə Rusiya tərəfinə təqdim edilə biləcək vahid sülh təklifi üzrə razılığa gəlməkdir.
Fatimə






