Hakan Fidan: Türkiyə başqa ölkəyə hücum üçün hərbi qüvvə göndərməyəcək
Türkiyə Səudiyyə Ərəbistanı ilə müdafiə sahəsində əməkdaşlıq çərçivəsində başqa ölkələrin ərazisinə hücum məqsədilə hərbi qüvvə göndərmək niyyətində deyil.
Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Macarıstanın xarici işlər naziri Anita Orbanla birgə keçirdiyi mətbuat konfransında bildirib. Nazir Məkkə sazişinin yalnız müdafiə xarakteri daşıdığını vurğulayıb. Onun sözlərinə görə, sazişin iştirakçısı olan ölkələrdən biri hücuma məruz qalarsa, digər tərəflər onu müdafiə etməlidir.
“Bu, hücum məqsədli saziş deyil. Türkiyə başqa ölkənin ərazisinə hücum həyata keçirmək üçün hərbi qüvvə göndərməyəcək”, –Fidan qeyd edib. O bildirib ki, saziş çərçivəsində əməkdaşlıq inkişaf edir və hərbi nümayəndə heyətləri Səudiyyə Ərəbistanının müdafiəsi üçün zəruri tədbirləri, eləcə də Türkiyə və Pakistanın bu prosesə verə biləcəyi töhfələri müzakirə edəcəklər.
Fidanın sözlərinə görə, Səudiyyə Ərəbistanı geniş hərbi-texniki infrastruktura, silah və müdafiə vasitələrinə malikdir. Bununla belə, müdafiə sahəsində birgə planlaşdırma, əməliyyatların təşkili və təhlil də mühüm əhəmiyyət daşıyır. Türkiyənin regionda vəziyyətin sülh və dialoq yolu ilə tənzimlənməsi üçün səylərini davam etdirdiyini bildirən nazir Yaxın Şərqdəki proseslərə daha geniş regional kontekstdə yanaşdıqlarını vurğulayıb. O, İran ətrafındakı vəziyyətin, ABŞ ilə İran arasında müharibənin və husilərin hücumlarının da ümumi mənzərədə nəzərə alındığını bildirib.
Qeyd edək ki, daha əvvəl “Middle East Eye” nəşri Türkiyənin Səudiyyə Ərəbistanına məhdud sayda hərbçi və hərbi texnika göndərmək imkanını müzakirə etdiyini yazmışdı. Nəşrin Türkiyə rəsmilərinə istinadən yaydığı məlumata görə, mümkün addımın məqsədi husilərin hücumlarından həyati əhəmiyyətli infrastrukturu və müqəddəs şəhərləri qorumaqdır. Məlumatda Türkiyənin Yəməndəki hərbi əməliyyatlarda birbaşa iştirakının nəzərdə tutulmadığı bildirilirdi.
Firuzə Əliyeva






