Robotlar da vergi ödəyəcək

“Microsoft”un qurucusu Bill Qeyts işçilərin yerini süni intellekt və robotlarla əvəz edən şirkətlərin insan əməyinə görə ödənilən vergilərlə eyni səviyyədə vergi ödəməli olduğunu bildirib.
Sfera.az xəbər verir ki, milyarder bu fikirləri “New York Times”a açıqlamasında səsləndirib. O, insan əməyini əvəz edən robotlara görə şirkətlərin ABŞ-də əməkhaqqından tutulan FICA vergisinə bənzər ödəniş etməsini təklif edib.
FICA vergisi ABŞ-də işçilərin əməkhaqqından tutulan və sosial təminat sisteminin maliyyələşdirilməsinə yönəldilən məcburi ödənişdir. Bu vergi, əsasən, Sosial Müdafiə və “Medicare” proqramlarının maliyyələşdirilməsinə xidmət edir.
Qeytsin fikrincə, avtomatlaşdırılmış sistemlər və robotlar üçün də oxşar verginin tətbiqi həm işini itirən şəxslər üçün sosial təminat mexanizmlərinin qorunmasına, həm də dövlət büdcəsinə əlavə gəlir daxil olmasına imkan verə bilər.
O, süni intellekt və robotların iqtisadi baxımdan daha ucuz olmasının cəmiyyətin bu texnologiyaları dərhal və geniş şəkildə tətbiq etməli olduğu anlamına gəlmədiyini vurğulayıb. B.Qeyts əlavə vergilərin tətbiqinin avtomatlaşdırma nəticəsində iş yerlərinin itirilməsi prosesini yavaşlada biləcəyini bildirib.
Qeyd edək ki, Bill Qeyts robot vergisi ideyasını ilk dəfə 2017-ci ildə gündəmə gətirib. O, aradan keçən illərə baxmayaraq, bu yanaşmanın əsas müdafiəçilərindən biri olaraq qalıb.
Süni intellekt sektorunda da bu istiqamətdə oxşar çağırışlar səsləndirilib. “Anthropic” şirkətinin baş direktoru Dario Amodei daha sərt vergi siyasətinin tətbiqini təklif edib. “OpenAI” isə avtomatlaşdırılan iş yerləri ilə bağlı yeni vergitutma modellərinin nəzərdən keçirilməsini təklif edib.
Bəsti Rəfizadə
Sfera.az






