2026-cı ilin Nobel mükafatları başlayır – İlk qalib kim olacaq?

2026-cı il üzrə Nobel mükafatlarının təqdimatına bu gün start veriləcək. İlk olaraq fiziologiya və tibb sahəsi üzrə Nobel mükafatının qalibi açıqlanacaq.
Sfera.az xəbər verir ki, qalib İsveçin Stokholm şəhərində yerləşən Karolinska İnstitutunda elan ediləcək.
Mükafata namizədlərin adları əvvəlcədən açıqlanmır. Nobel Komitəsi qalibin adını elan edilənədək məlumatı gizli saxlayır. Qalibin Bakı vaxtı ilə saat 13:10-dan əvvəl açıqlanması gözlənilmir.
Qeyd edək ki, 2025-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatı ABŞ-də fəaliyyət göstərən alimlər Meri Brankou və Fred Ramsdell, eləcə də yaponiyalı alim Şimon Sakagusi arasında bölüşdürülüb.
Onlar immun sisteminin orqanizmə zərər verməsinin qarşısını alan periferik immun tolerantlığı ilə bağlı mühüm kəşflərinə görə mükafatlandırılıblar. Bu kəşflərin 1-ci tip diabet, revmatoid artrit və lupus kimi autoimmun xəstəliklərin öyrənilməsi baxımından əhəmiyyətli olduğu bildirilir.
Fiziologiya və tibb üzrə Nobel mükafatı 1901-2025-ci illərdə ümumilikdə 116 dəfə təqdim edilib və 232 laureat mükafata layiq görülüb.
Tibb üzrə mükafatdan sonra 7 oktyabrda fizika, 8 oktyabrda kimya, 9 oktyabrda isə ədəbiyyat üzrə Nobel mükafatlarının qalibləri açıqlanacaq.
10 oktyabrda Nobel Sülh Mükafatı, 12 oktyabrda isə İqtisadi Elmlər üzrə Nobel Memorial Mükafatı elan ediləcək.
Bu il Nobel mükafatının məbləği 12 milyon İsveç kronu, yəni təxminən 1,09 milyon avro təşkil edir.
Mükafatların təqdimetmə mərasimi dekabrın 10-da, Nobel mükafatlarının təsisçisi Alfred Nobelin vəfat etdiyi gün keçiriləcək. Qeyd edək ki, Nobel 1896-cı ildə vəfat edib.
İnci
Sfera.az






