ÜST açıqladı: İnsanların orta ömür uzunluğu yenidən artıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) orta ömür uzunluğu, ölüm səbəbləri və xəstəlik yükündəki tendensiyalarla bağlı “Qlobal Səhiyyə Təxminləri” adlı hesabat yayıb.
Sfera.az xəbər verir ki, hesabatda qeyd olunub ki, COVID-19 pandemiyasının yaratdığı fasilələrdən sonra qlobal orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşıb. 2023-cü ildə bu göstərici 73,3 il təşkil edib. 2019-cu ildə isə qlobal orta ömür uzunluğu 73,4 il olub. Sağlam ömür gözləntisi isə daha yavaş bərpa olunaraq 2023-cü ildə 62,8 ilə çatıb. Bu, 2019-cu ilin göstəricisindən 0,4 il aşağıdır. Hesabatda yoluxucu olmayan xəstəliklərin ölüm hallarındakı payının getdikcə artdığı vurğulanıb. Diabet, demensiya, psixi sağlamlıq problemləri və maddə istifadəsi ilə bağlı pozuntuların dəyişən və artan xəstəlik yükünə təsir etdiyi bildirilib. Məlumata görə, 2023-cü ildə dünyada baş verən ölümlərin 74 faizi yoluxucu olmayan xəstəliklərin payına düşüb.
2000-ci ildə bu göstərici 58 faiz olub. Həmçinin 2023-cü ildə dünyada ölümə səbəb olan 10 əsas xəstəlikdən təxminən 8-nin yoluxucu olmayan xəstəliklər olduğu qeyd edilib. ÜST-nin Məlumat, Rəqəmsal Səhiyyə, Analitika və Süni İntellekt Departamentinin direktoru Alain Labrique bildirib ki, daha uzun yaşamaq ictimai səhiyyənin ən böyük nailiyyətlərindən biridir. “Bundan sonrakı əsas vəzifə insanların əlavə yaşlarını sağlam şəkildə keçirməsini təmin etmək və səhiyyə sistemlərinin əhalinin dəyişən ehtiyaclarına cavab verə biləcək şəkildə qurulmasını təmin etməkdir”, - deyə o bildirib.
Bəsti Rəfizadə






