ABŞ NATO-da bəzi ölkələri görüşdən kənarda saxladı

ABŞ administrasiyasının NATO daxilində keçiriləcək yeni görüşə bir sıra əsas müttəfiqlərini dəvət etməməsi alyansın gələcəyi ilə bağlı suallar yaradıb.
Sfera.az xəbər verir ki, “Politico”nun məlumatına görə, Böyük Britaniya, Fransa və Baltikyanı ölkələr Pentaqonun himayəsi ilə gələn ay Polşada keçiriləcək görüşə dəvət almayıb.
Məlumata görə, görüş Pentaqonun siyasi məsələlər üzrə rəhbəri Elbric Kolbinin təşəbbüsü ilə təşkil olunur. Toplantıda əsas diqqət NATO-nun gələcəyi ilə bağlı məsələlərə yönəldiləcək.
Nəşr qeyd edir ki, görüşə dəvət olunmayan ölkələr alyansda mühüm rol oynayır və müdafiəyə böyük vəsait xərcləyirlər. Bu səbəbdən bəzi diplomatlar ABŞ administrasiyasının NATO daxilində ölkələrə fərqli yanaşmasından narahatlıq ifadə ediblər.
Məqalədə bildirilir ki, Vaşinqton daha əvvəl ABŞ-nin prioritetlərinə uyğun davranmayan hökumətlər üçün “yaxşı və pis” ölkələr siyahısının hazırlanmasının mümkünlüyü barədə xəbərdarlıq edib.
Görüşə dəvət olunmayan ölkələrdən birinin nümayəndəsi “Biz üzərimizə düşən hər şeyi edirik. Meyarların və bu görüşlərin məqsədinin nə olduğunu anlamağa çalışırıq. Hələlik bizə çox az məlumat verilib”, – deyə bildirib.
Qeyd edək ki, ABŞ müdafiə naziri Pit Heqset daha əvvəl Pentaqonda gələcək döyüş əməliyyatlarının üsullarını araşdıracaq yeni struktur yaradılacağını açıqlayıb. Strukturun rəhbərliyində amerikalı milyarder İlon Maskın da yer alacağı bildirilib.
İnci
Sfera.az






