Dünyanın ən ölümcül nöqtələrindən biri aşkarlandı

Qırmızı dənizin təxminən 2 kilometr dərinliyində həddindən artıq duzlu və oksigensiz su hövzələri aşkarlanıb. “Ölüm hovuzları” adlandırılan bu ərazilər canlılar üçün son dərəcə təhlükəli şəraitə malikdir.
Sfera.az xəbər verir ki, Mayami Universitetinin alimləri tərəfindən araşdırılan hovuzlarda oksigenin olmadığı və duzluluğun çox yüksək olduğu müəyyən edilib. Balıq, karides və ilanbalığı kimi canlılar bu sulara daxil olduqda qısa müddətdə hərəkətsiz qala və ya ölə bilər.
Buna baxmayaraq, hovuzların ətrafında ekstremal şəraitə uyğunlaşan mikroorqanizmlər yaşayır. Alimlər hesab edir ki, bu canlıların araşdırılması Yer kürəsində həyatın yaranması ilə bağlı mühüm məlumatlar verə bilər.
Hövzələrdən götürülən çöküntü nümunələri də xüsusi əhəmiyyət daşıyır. Bu nümunələr son min ildən artıq müddətdə bölgədə baş vermiş zəlzələ, sunami, daşqın və güclü yağışların izlərini qoruyub saxlayır. Məlumatların Əqəbə körfəzi sahillərində təbii fəlakət risklərinin öyrənilməsinə kömək edə biləcəyi bildirilir.
Araşdırmaçıların sözlərinə görə, burada yaşayan mikroorqanizmlər gələcəkdə yeni dərmanların hazırlanması üçün də istifadə oluna bilər. Oxşar dərinliklərdə yaşayan mikroorqanizmlərdən daha əvvəl antibakterial və xərçəng əleyhinə xüsusiyyətlərə malik maddələr əldə edilib.
Qeyd edək ki, son 30 ildə Qırmızı dəniz, Aralıq dənizi və Meksika körfəzində 10-dan çox belə “ölüm hovuzu” aşkarlanıb.
Mənsumə






