Mərkəzi Bankın qərarı gözlənilir: Kreditlər ucuzlaşacaq?

Mərkəzi Bankın qərarı gözlənilir: Kreditlər ucuzlaşacaq?
Kateqoriya məlum deyil
T

Sentyabrın 23-də Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayacaq.

Qərar kreditləşmənin genişləndiyi bir vaxtda bank sektorunda və biznes mühitində diqqətlə izlənilir.

Sfera.az xəbər verir ki, iqtisadçı Eyyub Kərimlinin sözlərinə görə, hazırda Mərkəzi Bankın uçot dərəcəsi 6,5 faiz, faiz dəhlizinin aşağı həddi 5,5 faiz, yuxarı həddi isə 7,5 faizdir.

E.Kərimli qeyd edib ki, avqust ayında illik inflyasiya 5,7 faiz təşkil edib və Mərkəzi Bankın 4±2 faiz hədəf diapazonunda qalıb:

“Kredit bazarındakı vəziyyətə də diqqət çəkib. Onun sözlərinə görə, Mərkəzi Bankın son açıqladığı göstəricilərə əsasən, avqustun 1-nə bankların kredit portfeli 32,1 milyard manata çatıb. Təkcə iyul ayında kredit portfeli təxminən 274 milyon manat artıb, son bir ildə isə artım 12,5 faiz təşkil edib. Kredit portfelinin 17,3 milyard manatı biznes, 10 milyard manatı istehlak, 4,7 milyard manatı isə ipoteka kreditlərinin payına düşür. Bu isə kreditləşməyə tələbin yüksək olaraq qaldığını göstərir”.

Eyyub Kərimli hesab edir ki, sentyabrın 23-də veriləcək qərarla bağlı əsas məsələlərdən biri uçot dərəcəsinin mümkün dəyişdirilməsinin kredit faizlərinə necə təsir edəcəyidir:

“İnflyasiyanın hədəf diapazonunda qalması və banklararası pul bazarında faizlərin aşağı istiqamətdə hərəkəti monetar siyasətin yumşaldılması imkanlarını gündəmə gətirir. Lakin uçot dərəcəsinin azaldılması yalnız kommersiya banklarının kredit faizlərinə də təsir etdiyi halda real iqtisadiyyatda nəzərəçarpacaq nəticə verə bilər. Çünki sahibkar üçün əsas məsələ Mərkəzi Bankın uçot dərəcəsinin 6,5, yoxsa 6,25 faiz olması deyil. Sahibkarı maraqlandıran bankdan götürdüyü kreditin neçə faizə başa gəlməsidir”.

Eyyub Kərimlinin sözlərinə görə, kredit portfelinin 32 milyard manatı keçdiyi bir şəraitdə faizlərin mərhələli şəkildə aşağı düşməsi biznesin maliyyələşmə xərclərinə, investisiya fəallığına və ümumi iqtisadi aktivliyə təsir göstərə bilər. İqtisadçı hesab edir ki, bu baxımdan sentyabrın 23-də açıqlanacaq qərarda diqqət yalnız uçot dərəcəsinin dəyişib-dəyişməyəcəyinə deyil, mümkün yumşalmanın real iqtisadiyyatda kreditlərin qiymətinə nə dərəcədə və hansı sürətlə təsir göstərəcəyinə yönələcək.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR