ABŞ və Çin bu mövzuda razılığa gələ bilmədi

ABŞ və Çin nümayəndə heyətləri iki ölkə arasında qüvvədə olan ticarət atəşkəsinin müddətinin uzadılması ilə bağlı razılığa gələ bilməyiblər.
Sfera.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti ABŞ mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlar sentyabrın 20-də Nyu-Yorkda ABŞ maliyyə naziri Skott Bessent və Çinin baş nazirinin müavini He Lifenq arasında keçirilib.
Tərəflər arasında fikir ayrılığı əsasən ticarət atəşkəsinin hansı müddətə uzadılması ilə bağlıdır. Vaşinqton razılaşmanın daha altı ay müddətinə uzadılmasını istəyir. Pekin isə sənədin ABŞ Prezidenti Donald Trampın hazırkı prezidentlik müddətinin sonunadək qüvvədə qalmasını təklif edib.
ABŞ rəsmilərindən biri “Financial Times”a bildirib ki, hazırkı ticarət atəşkəsi noyabrın 10-dək qüvvədədir və buna görə də onun həmin gün uzadılması zəruri olmayıb.
Danışıqlarda mübahisə doğuran məsələlərdən biri də nadir torpaq metallarının tədarükü olub. ABŞ tərəfi Çinin ABŞ və onun müttəfiqlərinə nadir torpaq metallarının tədarükü ilə bağlı öhdəliklərinin yalnız üçdə ikisini yerinə yetirdiyini düşünüb.
Qəzet həmçinin Skott Bessentin son bir ildə müşahidə olunan ticarət münasibətlərinə dair açıqlamasını yayıb. ABŞ maliyyə naziri bildirib ki, hər iki tərəf sabitliyi qorumaqda maraqlıdır.
Qeyd edək ki, ABŞ və Çin nümayəndə heyətləri arasında bu danışıqlar Çin Prezidenti Si Cinpinin Donald Trampın dəvəti ilə sentyabrın 23-25-də ABŞ-yə planlaşdırılan dövlət səfərindən əvvəl keçirilib.
Bəsti Rəfizadə
Sfera.az






