Dərinizə parlaqlıq verəcək 3 təbii üsul

Stress, yuxusuzluq və ətraf mühitin çirklənməsi nəticəsində dərinin səthində ölü hüceyrələr toplana bilər. Bu isə dərinin solğun, mat və yorğun görünməsinə səbəb olur. Evdə olan təbii məhsullardan hazırlanan yumşaq pilinqlərlə dərini ölü hüceyrələrdən təmizləmək və daha canlı görünüş əldə etmək mümkündür.
Sfera.az xəbər verir ki, dərinin üst qatında toplanan ölü hüceyrələr nəmləndirici və qulluq vasitələrinin dəriyə təsirini azalda bilər. Lakin ev şəraitində hazırlanan pilinqlərdən istifadə edərkən dərini qıcıqlandırmamaq üçün ehtiyatlı olmaq vacibdir.
1. Türk qəhvəsi və kokos yağı pilinqi
Qəhvə çöküntüsü dərinin səthindəki ölü hüceyrələrin təmizlənməsinə kömək edə bilər. Kokos yağı isə dərinin nəmlənməsinə dəstək olur.
Hazırlanması: 1 xörək qaşığı türk qəhvəsi çöküntüsünü 1 çay qaşığı əridilmiş kokos yağı ilə qarışdırın. Qarışığı təmiz dəriyə çox yüngül, dairəvi hərəkətlərlə tətbiq edin. Bir neçə dəqiqədən sonra ilıq su ilə yuyun.
2. Yulaf və südlə yumşaq pilinq
Yulaf əsaslı qulluq xüsusilə həssas dəri üçün daha yumşaq seçim hesab olunur.
Hazırlanması: 2 xörək qaşığı üyüdülmüş yulafı bir qədər ilıq süd və 1 çay qaşığı bal ilə qarışdıraraq məcun halına gətirin. Qarışığı üzünüzdə təxminən 10 dəqiqə saxlayın, daha sonra dərini sürtmədən ilıq su ilə təmizləyin.
3. Qəhvəyi şəkər və zeytun yağı
Qəhvəyi şəkər mexaniki pilinq kimi dərinin səthindəki ölü hüceyrələrin uzaqlaşdırılmasına kömək edir. Zeytun yağı isə quru dərinin yumşalmasına dəstək ola bilər.
Hazırlanması: 1 çay qaşığı qəhvəyi şəkəri yarım çay qaşığı sızma zeytun yağı ilə qarışdırın. Üz nahiyəsinə çox yüngül toxunuşlarla tətbiq etdikdən dərhal sonra ilıq su ilə yuyun.
Qeyd edək ki, evdə hazırlanan skrablar həssas və qıcıqlanmış dəridə problem yarada bilər. Qarışığı əvvəlcə dərinin kiçik hissəsində yoxlamaq və üzü sərt şəkildə ovmamaq məsləhətdir.
Mənsumə






