Kaliforniya Sİ üçün 15 milyon dollar ayırdı

ABŞ-nin Kaliforniya ştatı əyləncə sektorunda çalışanların süni intellektin inkişafı fonunda baş verən dəyişikliklərə hazırlanması üçün 15 milyon dollar vəsait ayıracaq.
Sfera.az xəbər verir ki, Kaliforniya qubernatoru Qevin Nyusom bununla bağlı AB 2504 qanununu imzalayıb. Sənədə əsasən, ştatın icma kolleclərində yeni pilot təhsil proqramı həyata keçiriləcək.
"Future of Creative Industries Pilot Program" adlanan layihənin hazırlanmasına California Community Colleges-in rəhbər ofisi cavabdeh olacaq. Proqram Hollivudda fəaliyyət göstərən işəgötürənlər, həmkarlar ittifaqları və “Adobe” kimi texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Layihənin əsas məqsədi yaradıcı sənaye sahəsində çalışanlara süni intellektin geniş tətbiqi ilə dəyişən əmək bazarında lazım olacaq yeni bacarıqları qazandırmaqdır.
Qanunun müəllifi, Kaliforniya Assambleyasının deputatı Rebeka Bauer-Kahan bildirib ki, Hollivud tarixən texnoloji dəyişikliklərə uyğunlaşa bilib. Onun sözlərinə görə, əyləncə sənayesi inkişafı təmin edən texnologiyaların tətbiqinə açıq olsa da, yaradıcı insanların rolunun qorunması da vacibdir.
Qanun layihəsinə WME agentliyinin siyasi məsələlər üzrə baş müşaviri Hanna Linkenhoker təşəbbüs göstərib. Agentliklə yanaşı, SAG-AFTRA həmkarlar ittifaqı da təşəbbüsü dəstəkləyib.
Linkenhoker hesab edir ki, süni intellektin inkişafını dayandırmaq mümkün deyil və buna görə də onun istifadəsi ilə bağlı qaydalar indidən müəyyənləşdirilməlidir. O vurğulayıb ki, süni intellekt yaradıcı insanların əməyini əvəz etmək üçün deyil, onlar üçün alət kimi istifadə olunmalıdır.
Qeyd edək ki, Kaliforniya hakimiyyəti eyni zamanda süni intellektin təhlükəsizliyi ilə bağlı tələbləri də sərtləşdirir.
İnci
Sfera.az






