Orqanizmdə artıq protein hansı əlamətlərə səbəb olur?

Son illərdə proteinlə zəngin qidalanmaya maraq artıb. Xüsusilə idmanla məşğul olan və çəkiyə nəzarət etmək istəyən insanlar gündəlik qidalanmalarında protein mənbələrinə daha çox yer verirlər. Lakin orqanizmin ehtiyacından artıq protein qəbul etmək hər zaman daha çox fayda demək deyil.
Protein orqanizmin böyüməsi, inkişafı və toxumaların bərpası üçün vacib qida maddələrindən biridir. Ət, balıq, yumurta, süd məhsulları, paxlalılar və çərəzlər proteinlə zəngin əsas qida mənbələri hesab olunur.
Sfera.az xəbər verir ki, həddindən artıq protein qəbulu bəzi insanlarda həzm problemlərindən susuzluğa qədər müxtəlif narahatlıqlara səbəb ola bilər.
Gündəlik protein ehtiyacı insanın yaşına, çəkisinə, fiziki aktivliyinə və ümumi sağlamlıq vəziyyətinə görə dəyişir. Sağlam yetkinlər üçün ümumi tövsiyə hər kiloqram bədən çəkisinə təxminən 0,8 qram protein qəbul edilməsidir. Müntəzəm və intensiv idman edən şəxslərdə bu ehtiyac daha yüksək ola bilər.
Məsələn, 70 kiloqram çəkisi olan yetkin insanın əsas protein ehtiyacı gündə təxminən 56 qramdır.
Artıq protein zərərlidirmi?
Uzun müddət ərzində həddindən artıq protein qəbul etmək qidalanma balansını poza bilər. Eyni zamanda, lifin kifayət qədər qəbul edilməməsi qəbizlik və digər həzm problemlərinə səbəb ola bilər.
Böyrək xəstəliyi olan şəxslərin isə yüksək proteinli qidalanmaya daha diqqətlə yanaşması vacibdir. Çünki artıq protein qəbulu bu insanlarda böyrəklərə düşən yükü artıra bilər.
Həddindən artıq protein qəbulu, xüsusilə kifayət qədər su və enerji qəbul edilmədikdə, ürəkbulanma, ishal, baş ağrısı, halsızlıq, güclü susuzluq, ağız quruluğu və müxtəlif həzm problemləri ilə özünü göstərə bilər.
Bu səbəbdən protein qəbulunu artırarkən ümumi qidalanma balansını və maye qəbulunu da nəzərə almaq vacibdir.
Mənsumə






