Övladı məktəbə başlayan valideynlərə gündə 3 saat icazə – QƏRAR

2026-2027-ci tədris ili ərəfəsində Türkiyədə məktəbəqədər, ibtidai siniflərin 1-ci və orta məktəbin 5-ci siniflərinə başlayacaq şagirdlər üçün “Uyğunlaşma həftəsi”nə start verilib.
Sfera.az xəbər verir ki, proqram sentyabrın 11-dək davam edəcək. Bu çərçivədə dövlət qurumlarında çalışan və övladı məktəbə yeni başlayan valideynlər üçün də xüsusi imkan yaradılıb. Belə ki, valideynlərdən biri müraciət etdiyi halda, uşağın dərs saatlarına uyğun olaraq gündə 3 saata qədər inzibati icazəli hesab edilə biləcək.
Türkiyə Milli Təhsil Nazirliyinin hazırladığı proqram məktəbəqədər təhsil, ibtidai məktəbin 1-ci və orta məktəbin 5-ci sinif şagirdlərini əhatə edir. “Uyğunlaşma həftəsi” məktəbəqədər və 1-ci sinif şagirdləri üçün 5 gün, 5-ci sinif şagirdləri üçün isə 3 gün keçiriləcək. Nazirlik tərəfindən hazırlanan “Məktəbəqədər təhsil məktəbə uyğunlaşma bələdçisi”ndə uşaqlar üçün oyun və müxtəlif fəaliyyət nümunələri, həmçinin valideynlərin və digər iştirakçıların məsuliyyətləri əks olunub.
Proqram yalnız uyğunlaşma həftəsi ilə məhdudlaşmayacaq. Məktəbəqədər, 1-ci və 5-ci sinif şagirdləri üçün nəzərdə tutulan fəaliyyətlərin tədris ili ərzində hər ay keçirilməsi planlaşdırılıb. Oyun əsaslı və praktiki təcrübəyə söykənən modullar məktəb və ailə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək. Bu prosesdə məktəbdənkənar öyrənmə mühitlərindən də istifadə olunması nəzərdə tutulub.
Məktəbəqədər təhsil proqramında əsas məqsədlərdən biri valideynlərin təhsil prosesinə fəal cəlb edilməsi və uşaqların məktəbdə qazandıqları bilik, bacarıq və dəyərləri ailə və gündəlik həyat təcrübələri ilə əlaqələndirməsinə şərait yaratmaqdır. İbtidai siniflərin 1-ci sinif şagirdləri üçün isə məktəb direktoru, müəllimlər, məktəb əməkdaşları, məktəb mühiti və gündəlik qaydalarla tanışlıq, məktəbə bağlılıq hissinin formalaşdırılması, ehtiyaclarını ifadə etmək və yaşlarına uyğun məsuliyyətlər götürmək hədəflənib.
5-ci sinif şagirdləri üçün hazırlanan proqramda onların orta məktəbin yeni qaydaları, fənn müəllimləri, təhsil mühiti və ehtiyac olduqda müraciət edə biləcəkləri yardım mexanizmləri ilə tanış olması nəzərdə tutulub. Eyni zamanda müəllim və həmyaşıdlarla sağlam ünsiyyətin qurulması və dərs-məsuliyyətlərin daha nizamlı şəkildə idarə edilməsi qarşıya məqsəd qoyulub.
Bəsti Rəfizadə






