Məşhurların milyonlarla dollarlıq evləri: Dünyanın bahalı mülkləri

Dünyanın ən zəngin insanları bahalı mənzillərə böyük maraq göstərirlər. Bu səbəbdən onlar daşınmaz əmlaka milyonlarla dollar xərcləməkdən çəkinmirlər. Onların sahib olduğu dəbdəbəli malikanələr yalnız qiymətləri ilə deyil, eləcə də ölçüləri, memarlığı və təqdim etdiyi imkanlarla da diqqət çəkir.
Sfera.az həmin mülkilərin bəziləri ilə bağlı məlumatları təqdim edir.

Məşhur model və iş qadını Kayli Cenner 36,5 milyon dollarlıq mülkə sahibdir.

Mumbayda milyarder Mukeş Ambaniyə məxsus “Antilia” 27 mərtəbədən ibarətdir və təxminən 400 min kvadrat fut ərazini əhatə edir. Binanın tikinti xərclərinin təxminən 2 milyard dollara yaxın olduğu bildirilir. Xüsusi göydələndə 168 avtomobil üçün parkinq yeri, bir neçə hovuz, spa və teatr da daxil olmaqla çoxsaylı imkanlar var.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana məxsus “Chateau Louis XIV” (XIV Luik qəsri) mülkü də dünyanın ən bahalı evləri sırasındadır. Fransada yerləşən bu dəbdəbəli sarayın dəyəri 301 milyon dollar təşkil edir.

“Amazon”un qurucusu Jeff Bezos Mayamidəki ultra-eksklüziv "Indian Creek Island" ərazisində yerləşən üç mülkü ümumilikdə 234 milyon dollara əldə edib. O, bu mülklər üçün müvafiq olaraq 68 milyon, 79 milyon və 87 milyon dollar ödəyib.

Beyons və Jay-Z-nin Malibudakı "Malibu Estate" mülkü isə memarlıq xüsusiyyətləri ilə seçilir. Cütlük 2023-cü ildə Sakit okeana baxan nəhəng beton kompleks üçün rekord məbləğdə – 200 milyon dollar ödəyib. Məşhur yapon memarı Tadao Ando tərəfindən layihələndirilən mülkün qiyməti ilkin olaraq tələb olunan məbləğdən təxminən 95 milyon dollar aşağı olub. Buna baxmayaraq, bu satış Kaliforniyada indiyədək qeydə alınmış ən böyük yaşayış əmlakı satışı olaraq qalır.

“Microsoft”un həmtəsisçisi Bill Qeytsə məxsus “Xanadu 2.0” adlı möhtəşəm malikanənin dəyəri 132 milyon dollar qiymətləndirilir.

Dünyaca məşhur repçi Dreykə məxsus olan “The Embassy” adlı dəbdəbəli malikanənin qiyməti 100 milyon dollardır.

Məşhur ifaçı "The Weeknd"in Los-Ancelesdə yerləşən "Bel Air Mansion" mülkünün dəyəri 70 milyon dollar təşkil edir.

Model və iş qadını Paris Hiltonun "Beverly Park Mega-Mansion "mülkünün qiyməti 63,1 milyon dollardır.

Kim Kardaşyanın sahib olduğu "Hidden Hills Estate" mülkü 60 milyon dollar dəyərindədir.
Məşhur müğənni Adelin sahib olduğu "Beverly Park Estate" malikanəsi 58 milyon dollar qiymətləndirilir.

Dünya şöhrətli futbolçu Kristiano Ronaldonun Portuqaliyadakı "Quinta da Marinha Mansion" mülkünün dəyəri isə 38 milyon dollardır.
İradə Elsevər






