“WhatsApp”-da daha bir yenilik

“WhatsApp” istifadəçiləri dələduzluq mesajlarından qorumaq üçün hazırladığı “Scam Alert” (Dələduzluq xəbərdarlığı) funksiyasını “Android”beta istifadəçilərinin ixtiyarına verib.
Sfera.az xəbər verir ki, “Meta”nın bir neçə həftə əvvəl təqdim etdiyi yeni funksiya iyun ayından etibarən hazırlanıb. Sistem istifadəçinin kontakt siyahısında olmayan şəxslərdən gələn şübhəli mesajları müəyyən edərək xəbərdarlıq edir.
Funksiyanın diqqətçəkən tərəfi isə süni intellekt sisteminin birbaşa cihazda işləməsidir. Mesajların məzmunu analiz üçün cihazdan kənara göndərilmir və avtomatik olaraq “WhatsApp”, “Meta” və ya üçüncü tərəf serverlərinə ötürülmür. Bununla da istifadəçilərin məxfiliyi və uçdan-uca şifrələmə qorunur.
Xəbərdarlıq alan istifadəçi göndərəni etibarlı kimi işarələyə, onu bloklaya və ya “WhatsApp”a şikayət edə bilər. Funksiya hazırda beta mərhələsindədir və onun bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb.
Mənsumə






