Süni intellekt məlumatlarınızı belə ələ keçirə bilər – Diqqətli olun!

Süni intellekt həyatımızı bir çox sahədə asanlaşdırsa da, sürətli inkişafı yeni kibertəhlükələr də yaradır. Texnologiya bir zamanlar peşəkar kibercinayətkarların saatlarla, hətta günlərlə həyata keçirdiyi əməliyyatların daha az təcrübəyə malik şəxslər tərəfindən qısa müddətdə həyata keçirilməsinə imkan verir.
Sfera.az xəbər verir ki, bu, kibercinayətkarlığa giriş baryerini azaldır və daha çox insanın hədəfə çevrilməsi riskini artırır.
Açıq mənbə kəşfiyyatı (OSINT) əvvəllər əsasən yüksək profilli şəxslərə qarşı istifadə olunurdusa sosial medianın yayılması ilə daha geniş istifadə olunmağa başladı.
Süni intellekt isə bu prosesi xeyli sürətləndirir. Alətlər internetdəki açıq məlumatları, sosial media hesablarını, foto və videoları analiz edərək insanlar haqqında ətraflı profillər yarada və onların əlaqələrini müəyyənləşdirə bilir.
Süni intellekt fırıldaqçılara potensial qurbanlar haqqında məlumatları qısa müddətdə toplamağa və sosial mühəndislik hücumlarını daha inandırıcı etməyə imkan verir.
Böyük dil modelləri şəxsin maraqları, işi, ailəsi və dostları haqqında məlumatları bir araya gətirə, həmçinin müxtəlif dillərdə inandırıcı mesaj və fırıldaqçılıq ssenariləri hazırlaya bilər.
Risk yalnız şəxsi həyatla məhdudlaşmır. Hibrid iş modelinin geniş yayılması şəxsi və peşəkar məlumatların bir-biri ilə əlaqələndirilməsini asanlaşdırır.
Şəxsi cihazlardan və sosial media hesablarından iş məqsədilə istifadə edilməsi məlumatların daha geniş şəkildə toplanmasına səbəb ola bilər. Bu isə həm şəxsi məlumatların, həm də peşəkar nüfuzun təhlükə altına düşməsi ilə nəticələnə bilər.
Özümüzü necə qoruya bilərik?
İnternetdə açıq şəkildə yayılan məlumatları sonradan tamamilə silmək olduqca çətindir. Xüsusilə məlumatlar müxtəlif platformalarda yenidən paylaşılıbsa, onların aradan qaldırılması daha mürəkkəb olur.
Bu səbəbdən sosial mediada şəxsi məlumatların paylaşılmasına diqqət etmək, köhnə paylaşımları nəzərdən keçirmək və hesabların məxfilik parametrlərini gücləndirmək tövsiyə olunur.
Mənsumə






