ABŞ-da “Meta”-ya qarşı böyük məhkəmə prosesi başladı

ABŞ-da uşaqların psixi sağlamlığına zərər vurmaqda ittiham olunan “Meta” şirkətinə qarşı böyük məhkəmə prosesi başlayıb. Kaliforniya ştatının Oklend şəhərindəki Federal Məhkəmədə keçirilən prosesdə şirkətin “Facebook” və “Instagram” vasitəsilə uşaqları qəsdən sosial mediaya asılı vəziyyətə saldığı iddia olunur.
Sfera.az zəbər verir ki, altı həftə davam edəcəyi gözlənilən məhkəmədə ştatlar “Meta”-dan milyardlarla dollar təzminat tələb edir. Bundan əlavə, “Facebook” və “Instagram”da bəyənmə sayları və istifadəçilərin məzmunlar arasında fasiləsiz keçid etməsinə imkan verən “sonsuz sürüşdürmə” funksiyası kimi xüsusiyyətlərin dayandırılması tələb olunur.
Kaliforniya tərəfi “Meta”-nın platformalarında milyonlarla 11 və 12 yaşlı uşağın olduğunu bildiyi halda, onların istifadəsinin qarşısını almaq üçün kifayət qədər tədbir görmədiyini bildirir. Ştatın vəkilləri şirkətin daxili araşdırmalarında bəzi yeniyetmələrin “Instagram”dan istifadə etdikdən sonra özlərini daha pis hiss etdiklərinin qeyd olunduğunu da vurğulayıblar.
Məhkəmədə “Meta”-nın biznes modelində mənfəət əldə etmək istəyinin uşaqların təhlükəsizliyindən üstün tutulduğu iddia edilib. Şirkətin ictimai açıqlamaları ilə daxili araşdırmalarının bir-birinə zidd olduğu da bildirilib.
“Meta” isə bütün ittihamları rədd edir. Şirkətin vəkili araşdırmanın düzgün qiymətləndirilmədiyini, iştirakçıların bir qisminin platformadan istifadə etdikdən sonra özlərini daha yaxşı hiss etdiyini bildirib. O, həmçinin sosial media asılılığının elmi baxımdan sübut edilmədiyini və platformaların asılılıq yaratmaq məqsədilə hazırlanmadığını müdafiə edib.
Mənsumə






