Milyardlarla insanın şəxsi süni intellekt agenti olacaq

“Meta” şirkətinin baş direktoru Mark Zukerberq yaxın 5 il ərzində dünyada milyardlarla insanın şəxsi süni intellekt agentindən istifadə edəcəyini bildirib.
Sfera.az xəbər verir ki, Zukerberq bu barədə şirkətin ikinci rüb üzrə maliyyə nəticələrinin açıqlandığı iclasda danışıb.
Onun sözlərinə görə, gələcəyin süni intellekt agentləri istifadəçilərin məqsədlərini anlayacaq və günün 24 saatı onların adından fəaliyyət göstərəcək. Bu rəqəmsal köməkçilər maliyyənin idarə olunması, sağlamlığın izlənməsi, şəxsi münasibətlər və ev təsərrüfatının təşkili kimi müxtəlif sahələrdə istifadə olunacaq.
Şirkət yeni strategiyasında “WhatsApp” və “Messenger”platformalarını əsas mərkəzə çevirməyi planlaşdırır. Bildirilir ki, “Meta”nın süni intellektlə işləyən biznes agentlərindən artıq 1 milyondan çox şirkət istifadə edir.
Mark Zukerberq hesab edir ki, gələcəkdə insanlar eyni vaxtda bir neçə süni intellekt agenti ilə əlaqə saxlayacaqları üçün mesajlaşma tətbiqlərinin əhəmiyyəti daha da artacaq. Bununla belə, ekspertlər qeyd edirlər ki, istehlakçıların bu texnologiyaya etibar etməsi şirkətlərdən daha çətin ola bilər. Buna səbəb isə “Meta”nın keçmişdə üzləşdiyi məxfilik qalmaqallarının istifadəçilərdə müəyyən etimadsızlıq yaratmasıdır.
Şirkətin iddialı planları böyük maliyyə xərcləri də tələb edir. Belə ki, “Meta”nın sərbəst pul axını illik müqayisədə 91 faiz azalaraq 784 milyon dollara düşüb. Şirkətin Reality Labs bölməsi isə son rübdə təxminən 4,6 milyard dollar zərər açıqlayıb.
Buna baxmayaraq, “Meta” süni intellekt infrastrukturuna investisiyalarını artırmaq niyyətindədir. Mark Zukerberq hesab edir ki, şəxsi süni intellekt agentləri gələcəkdə şirkətin əsas məhsulları və yeni gəlir mənbələrinin təməlini təşkil edəcək.
Mənsumə






