Trampın sərvəti yenidən gündəmdə

ABŞ Prezidenti Donald Trampın açıqlanan son maliyyə hesabatı onun şəxsi sərvəti ilə prezident səlahiyyətləri arasında mümkün maraq toqquşması ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Sfera.az xəbər verir ki, hesabatda Trampın kriptovalyuta layihələri, ticarət nişanı lisenziyaları, daşınmaz əmlak və öz brendi ilə satışa çıxarılan müxtəlif məhsullardan milyonlarla dollar gəlir əldə etdiyi qeyd olunub. Bildirilir ki, o, prezidentliyi dövründə biznes fəaliyyətini davam etdirməklə yanaşı yeni gəlir mənbələri də yaradıb.
Maliyyə hesabatına əsasən, Tramp ailəsi ilə əlaqələndirilən “World Liberty Financial” şirkəti və onun adına bağlı “mem” kriptovalyuta layihəsi yüz milyonlarla dollar gəlir gətirib. Bu isə prezidentin iqtisadi siyasəti ilə şəxsi maliyyə maraqları arasında mümkün əlaqələr barədə müzakirələri yenidən gündəmə gətirib. Ağ Ev isə bu iddiaları rədd edərək Trampın qərarlarının ölkənin maraqlarına uyğun olduğunu bəyan edib.
Diqqətçəkən digər məsələ isə Qətərin ABŞ-a təqdim etdiyi təxminən 400 milyon dollar dəyərində “Boeing 747” təyyarəsidir. Tramp bunun şəxsi hədiyyə deyil iki ölkə arasında əldə olunan rəsmi razılaşma çərçivəsində təqdim edildiyini bildirsə də tənqidçilər bu addımın etik və siyasi baxımdan mübahisəli olduğunu düşünürlər.
Müşahidəçilərin fikrincə, Trampın maliyyə hesabatı və Qətər təyyarəsi ətrafında yaranan müzakirələr noyabrda keçiriləcək ara seçkilər ərəfəsində Demokratların əsas siyasi arqumentlərindən birinə çevrilə bilər. Tramp isə biznes sahəsindəki uğurlarını ölkə iqtisadiyyatını idarə etmək bacarığının göstəricisi kimi qiymətləndirir.
Mənsumə
