Eyni kadrda iki fərqli ömür: Süni intellektin maraqlı imkanları

Sosial şəbəkələrdə son günlər süni intellektlə hazırlanan emosional videolar çox sürətlə yayılır. Bu yeni trend sayəsində insanlar uşaqlıq və indiki şəkillərini birləşdirirlər. Nəticədə, özlərinin keçmiş variantı ilə görüşüb qucaqlaşdıqları çox real videolar yaradırlar.
Sfera.az xəbər verir ki, qısa müddətdə milyonlar tərəfindən izlənilən bu paylaşımlar xüsusilə “Explore” (Kəşf et) bölməsində qarşıya çıxır.
Bu videoları hazırlamaq üçün ilk növbədə insanın uşaqlıq və indiki zaman şəkilləri xüsusi süni intellekt əmrləri (promptlar) ilə emal edilir. Sonra bu görüntülər "Kling AI" kimi proqramlarda hərəkətə gətirilərək kino kimi videoya çevrilir. Beləliklə, eyni adamın iki fərqli yaşı eyni kadra düşür: onlar bir-birinə baxır, yaxınlaşır və sonda emosional şəkildə qucaqlaşırlar.Videolarda isti işıqlar, yumşaq studiya arxafonu, köhnə (vintage) rənglər, zərif kamera hərəkətləri və təbii üz ifadələrindən istifadə olunur.
Süni intellekt insanın üz cizgilərini və özəl xüsusiyyətlərini tam qoruyaraq çox real bir görüntü yaradır. Məhz bu nostalji və emosional ab-hava trendin qısa vaxtda böyük kütlələrin marağına səbəb olmasını təmin edib. Bununla yanaşı, bu viral videoları düzəltmək üçün lazım olan süni intellekt əmrləri də internetdə ən çox axtarılan mövzulardan biri olub. İstifadəçilər bu hazır əmrlərdən istifadə edərək uşaqlıq xatirələrini müasir texnologiya ilə yenidən canlandırır və sosial şəbəkələrdə paylaşırlar.
Mənsumə


