Deputatın evində qızıldan alt paltarı tapıldı – FOTO

İraqda həyata keçirilən genişmiqyaslı korrupsiya əməliyyatı zamanı deputat Hind əl-Abbasinin evindən külli miqdarda pul, qızıl və qeyri-adi qiymətli əşyalar aşkarlanıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, axtarışlar zamanı deputatın evindən 57 milyon dollar nağd pul, 27 kiloqram xalis qızıl və qızıldan hazırlanmış alt paltarı tapılıb.
Əməliyyat çərçivəsində deputatlar və yüksək vəzifəli şəxslər də daxil olmaqla 47 şübhəli saxlanılıb.
Əməliyyatların genişlənməsinə keçmiş Neft Nazirliyinin neft emalı işləri üzrə müavini Adnan əl-Cumeylinin istintaqa verdiyi ifadələr səbəb olub. Onun açıqlamaları əsasında hazırlanan siyahıda 120-dən çox şəxsin adı yer alıb.
Siyahıya hazırkı və keçmiş deputatlar, nazir müavinləri, siyasi partiya rəhbərləri və yüksək rütbəli məmurların daxil olduğu bildirilib.
Bağdadın “Yaşıl zona”sı ilə yanaşı Səlahəddin, Ənbar, Neynəva və digər bölgələrdə eyni vaxtda reydlər keçirilib. İlk mərhələdə 47 nəfər saxlanılıb, daha sonra əməliyyatların Ərbilə də yayılması ilə bu rəqəm 67-yə çatıb.
İstintaq çərçivəsində bəzi deputatların toxunulmazlığı ləğv edilib, ölkədən çıxışlarına qadağa qoyulub. Rəsmi şəxslər əməliyyatların hələ başlanğıc mərhələsində olduğunu açıqlayıblar.
Axtarışlar zamanı evlərin həyətlərində 4 metr dərinliyində gizli quyular, yeraltı seyflər və xüsusi bölmələr aşkarlanıb. Rəsmi məlumatlara əsasən, əməliyyatlarda ümumilikdə 1 milyard dollardan çox nağd pul, milyonlarla dollar dəyərində qızıl, 70-dən artıq daşınmaz əmlak, 21 lüks avtomobil və digər qiymətli əşyalar müsadirə olunub.
Deputat Hind əl-Abbasinin evində tapılan qızıldan hazırlanmış alt paltarı isə İraq ictimaiyyətində böyük rezonans yaradıb.
Saxlanılanlar arasında Azm Koalisiyasının lideri Müsenna əl-Samərrai, deputatlar Ziyad əl-Cənabi, Bəha ən-Nuri, Məhəmməd əl-Kərbuli, Hind əl-Abbasi, Məhəmməd Cəmil əl-Miyahi və digər şəxslərin olduğu bildirilib.
İraq Federal Dürüstlük Komissiyası araşdırmaların şəffaf şəkildə aparılacağını və ictimaiyyətə mütəmadi məlumat veriləcəyini açıqlayıb.
Bəsti Rəfizadə

