“Dilimin ucundadır, amma xatırlaya bilmirəm” hissinin sirri açıldı

“Dilimin ucundadır, amma xatırlaya bilmirəm” hissinin sirri açıldı
Kateqoriya məlum deyil
T

Gündəlik həyatda tez-tez qarşılaşdığımız və “dilimin ucundadır, amma bir cür xatırlaya bilmirəm” dediyimiz anların səbəbi məlum olub.

Sfera.az bildirir ki, Yaponiya alimlərinin rəhbərliyi ilə aparılan yeni araşdırma unutmaq sandığımız bu vəziyyətin əslində yaddaşın silinməsi deyil, sadəcə keçici bir "əlçatmazlıq" problemi olduğunu ortaya qoyub.

Məlumat silinmir, beyindəki keçid yolu tıxanır

Professor Hiroşi Nomuranın rəhbərlik etdiyi elmi komandasının gəldiyi qənaətə görə, insan beynindəki məlumatlar tamamilə itmir. Problem sadəcə müəyyən anlarda beynin həmin məlumata çatmaq mexanizminin keçici olaraq çətinləşməsindən qaynaqlanır. Bu tıxanmaya isə beyindəki histamin neyronlarında baş verən dalğalanmalar və aktivlik dəyişiklikləri səbəb olur. Hər hansı bir ipucu gəldikdə və ya müəyyən zaman keçdikdə məlumatın yenidən xatırlanması da məhz yaddaşın silinmədiyini sübut edir.

Sınaqlar zamanı xatırlama faizi 40% artıb

Hokkaydo və Kumamoto universitetlərinin birgə keçirdiyi təcrübələrdə heyvanlar üzərində testlər aparılıb. Səs və mükafat əlaqəsi öyrədilən subyektlərdə histamin neyronlarının daha aktiv olduğu anlarda xatırlama göstəricisinin təxminən 40% artdığı müşahidə edilib. Bu isə beynin "əlçatarlıq səviyyəsi" dəyişdikcə yaddaşa çatmağın asanlaşdığını və ya çətinləşdiyini təsdiqləyir.

Növbəti addım insan beyni üzərində sınaqlardır

Tədqiqatçılar bu tapıntının insanların adları və ya sözləri xatırlaya bilmədiyi anlarla eyni mexanizmə sahib olduğunu düşünürlər. Lakin ekspertlər bu nəticələrin hələ insan bədənində tam qəti şəkil almadığını bildirirlər. Elm adamlarının növbəti hədəfi beyin tomoqrafiyası, EEQ (elektroensefaloqrafiya) və farmakoloji araşdırmalar vasitəsilə bu sistemin insan beynində necə işlədiyini tam dəqiqləşdirməkdir.

Altay

Sfera.az

PAYLAŞ