“Microsoft” barəsində araşdırma başlandı

“Microsoft” barəsində araşdırma başlandı
Kateqoriya məlum deyil
T

İtaliyanın Rəqabət Təşkilatı (AGCM) texnologiya nəhəngi “Microsoft” barəsində istehlakçı hüquqlarının mümkün pozulması ilə bağlı araşdırmaya başlayıb.


Sfera.az xəbər verir ki, qurumun yaydığı açıqlamada “Microsoft”un “Microsoft 365” abunəliyində edilən qiymət dəyişiklikləri barədə istifadəçilərə kifayət qədər aydın məlumat vermədiyi bildirilib.


Məlumata görə, şirkətin süni intellekt əsaslı “Copilot” və “Designer” xidmətlərini “Microsoft 365” paketinə inteqrasiya etməsi və bunun qiymətə təsiri istifadəçilərə açıq şəkildə izah edilməyib.


Araşdırmanın digər mövzusu isə istifadəçilərin müqaviləni ləğv etmədikləri halda avtomatik olaraq daha bahalı yeni abunə planına keçirilməsidir. İtaliya Rəqabət Təşkilatı bu praktikanın istehlakçıların seçim hüququnu məhdudlaşdıra biləcəyini hesab edir.


Qurum qeyd edib ki, sözügedən hallar istehlakçıların müdafiəsinə dair qanunvericiliyin pozulması əlamətləri daşıya bilər.


İtaliyanın İstehlakçı Hüquqları Assosiasiyası (Codacons) da araşdırmanı dəstəkləyərək bildirib ki, bu addım iri texnologiya şirkətlərinin rəqabət və istehlakçı hüquqları sahəsindəki mümkün qanun pozuntularını bir daha gündəmə gətirir.


Assosiasiya vurğulayıb ki, araşdırma nəticəsində pozuntular təsdiqlənərsə, Microsoft yüksək məbləğdə inzibati cərimə ilə üzləşə bilər. Bundan əlavə, haqsız tətbiqlər nəticəsində maddi zərər çəkmiş istifadəçilərin artıq ödədikləri vəsaitin geri qaytarılması üçün hüquqi addımlar atılacağı bildirilib.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ