"Audit hüquqi dövlətin iqtisadi dayaqlarından biridir" - Vahid Novruzov

Mülkiyyət hüququ, sahibkarlıq hüququ, sosial-iqtisadi hüquqlar, əmək münasibətləri, investorun qanuni gözləntisi, maliyyə vəsaitlərin istifadəsində ictimai maraq və vətəndaşın rifah hüququ şəffaf maliyyə idarəetməsi olmadan tam təmin edilə bilməz. Bütün bunlar isə ona dəlalət edir ki, audit insan hüquqlarından ayrı dayanan texniki peşə deyil, hüquqi dövlətin iqtisadi dayaqlarından biri kimi dəyərləndirilməlidir.
Sfera.az xəbər verir ki, Auditorlar Palatasının sədri Vahid Novruzovun bu fikirləri Bakıda keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfransda bildirib.
V.Novruzov qeyd edib ki, audit rəqəmlərin arxasında dayanan həqiqəti, hesabatların arxasında dayanan məsuliyyəti, iqtisadi qərarların arxasında dayanan etibarlılığı üzə çıxarır.
Onun sözlərinə görə, auditin son məhsulu olan auditor rəyi sadəcə maliyyə sənədi deyil, müəssisənin idarəetmə mədəniyyəti, maliyyə intizamı, daxili nəzarət sistemi və bazar iştirakçıları qarşısında etibarlılığı və etimadı barədə ciddi peşəkar mövqedir:
"Ümumilikdə müstəqil audit iqtisadi münasibətlər sistemində mühüm nəzarət mexanizmi kimi əhəmiyyət kəsb etməklə təsərrüfat subyektləri (müəssisələr) və mülkiyyətçilər (səhmdarlar, investorlar) arasında "etimad körpüsü" rolunu oynayır.
Bu gün artıq bir həqiqətdir ki, iqtisadi inkişafın əsas meyarlarından biri etimaddır. Etimad olmayan yerdə investisiya zəifləyir. İnvestisiya zəiflədikdə iqtisadi fəallıq azalır. İqtisadi fəallıq azaldıqda sahibkarlıq mühiti, məşğulluq, vergi daxilolmaları və sosial rifah zərər görür. Göründüyü kimi audit bu zəncirin başlanğıcında dayanan etimad mexanizmi olmaqla insan hüquqlarını qoruyan institusional infrastruktur elementi kimi çıxış edir".
Auditorlar Palatasının sədrinin fikrincə, İqtisadi Fəaliyyət subyektləri üçün auditin mahiyyəti son illər köklü şəkildə dəyişib:
"Əvvəllər audit bir çox hallarda məcburi yoxlama və formal hesabat proseduru kimi qəbul edilirdisə, bu gün müasir audit biznesin qorunması, inkişafı və davamlılığı üçün mühüm və qabaqlayıcı rola malikdir.
Başqa sözlə müəssisə üçün auditin faydası yalnız səhvlərin göstərilməsi deyil, real dəyər yaradan mühüm bir amildir. Audit formal nəzarət düşüncəsindən etibarlı təminat, risk əsaslı əminlik və qabaqlayıcı idarəetmə düşüncəsinə keçidi təmin edir ki, bu da sahibkarların, mülkiyyətçilərin, səhmdarların və əmanətçilərin hüquqlarının qorunması deməkdir.
Beynəlxalq təcrübə göstərir ki, məhz şəffaf maliyyə hesabatlılığı:
❖ müəssisənin bazardakı nüfuzunu artırır;
❖ kredit və investisiya imkanlarını genişləndirir;
❖ tərəfdaşların etimadını gücləndirir.
Danılmaz bir faktdır ki, mülkiyyət hüququ yalnız əmlaka sahib olmaqdan ibarət deyildir, həm də həmin əmlakın necə idarə olunduğunu bilmək, aktivlərin real vəziyyəti barədə etibarlı məlumat almaq, müəssisənin maliyyə nəticələrindən ədalətli şəkildə bəhrələnmək və idarəetmə üzərində qanuni nəzarət imkanına malik olmaq deməkdir.
Səhmdar, payçı, investor və kreditor düzgün qərar qəbul etmək üçün etibarlı maliyyə məlumatına ehtiyac duyur. Audit bu məlumatın etibarlılığını qiymətləndirir, idarəetmə ilə mülkiyyətçi arasında informasiya boşluğunu azaldır, mümkün manipulyasiya risklərinin qarşısını alır və iqtisadi qərarların daha sağlam əsaslar üzərində qəbul olunmasına şərait yaradır".
V.Novruzov hesab edir ki, rəqəmsallaşma, süni intellekt, elektron sənəd dövriyyəsi, kibertəhlükəsizlik riskləri və böyük məlumat bazalarının idarə olunması audit peşəsi qarşısında yeni çağırışlar qoyur:
"Bir neçə rəqəmi diqqətinizə çatdırmaq istərdim. Son vaxtlar sürətlə genişlənməyə başlamış kiberdələduzluq dünya iqtisadiyyatına ÜDM-un 10% həcmində zərər gətirir.
Aparılan tədqiqatlar göstərir ki, müəssisə daxilində kibertəhlükəsizlik təhlükəsizliyi səbəbləri aşağıdakılardır.
- 56% - əməkdaşların səhlənkarlığı;
- 26% - əməkdaşların bilərəkdən törəttikləri əməllər;
- 18% - uçot məlumatlarının oğurlanması.
Araşdırılmış şirkətlərin 60%-ə qədərində kiberdələduzluq halları aşkar olunmuşdur. Heç də təsadüfi deyildir ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2026-cı il 2 iyun tarixli fərmanı ilə Milli Təhlükəsizlik Agentliyi yaradılmışdır.
Müasir auditor elektron sübutların etibarlılığını, avtomatlaşdırılmış nəzarət sistemlərini, məlumatların bütövlüyünü, giriş hüquqlarını, kiberrisklərin maliyyə hesabatlarına təsirini və rəqəmsal əməliyyatların risk profilini qiymətləndirən yüksək ixtisaslı peşəkardır.
Bu baxımdan Auditorlar Palatasının qarşısında duran əsas vəzifələrdən biri auditin rəqəmsal transformasiya dövrünə uyğun etik dayaqların inkişafını təmin etməkdir.
Auditorlar Palatası tərəfindən 2026-cı ilin “Etika ili” elan edilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs auditor peşəsində dürüstlük, obyektivlik, müstəqillik, peşəkar skeptisizm, məxfilik və ictimai etimada əsaslanan davranış mədəniyyətinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə ümid bəsləyirik".
Orxan
