Tramp: "İranlılar Obamanı təhqir edib"

ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Barak Obamanın İranla bağladığı nüvə sazişini yenidən sərt tənqid edib.
Sfera.az bildirir ki, Tramp “Sky News”a müsahibəsində bildirib ki, 2015-ci ildə İranla imzalanan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində Obama administrasiyası Tehrana 1,7 milyard dollar nağd pul göndərib.
ABŞ liderinin sözlərinə görə, həmin vəsait banklardan çıxarılaraq “Boeing 757” təyyarəsi ilə İrana çatdırılıb.
“Onlar təyyarənin yanında dayanmışdılar və düşünürdülər: “İlahi, bizə nə qədər pul verirlər”. Bilirsiniz iranlılar nə etdilər? Obamaya gülürdülər və onu təhqir edirdilər”, – deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Obama dövründə əldə olunan saziş İranın nüvə silahı əldə etməsinə mane olmaq əvəzinə, əksinə, bu istiqamətdə imkanlarını genişləndirirdi.
Xatırladaq ki, Donald Tramp iyunun 13-də verdiyi açıqlamada ABŞ ilə İran arasındakı münasibətlərin əvvəlki administrasiyalar dövrü ilə müqayisədə daha yaxşı vəziyyətdə olduğunu bildirmişdi. O, həmçinin Obamanın Tehranla bağladığı nüvə sazişini kəskin tənqid edərək, sənədin İran üçün nüvə silahına aparan yolu açdığını iddia etmişdi.
İnci
Sfera.az
