Trampın "Hizbullah" gedişi: Ağ Ev Yaxın Şərqdə geri addım atır?

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Livan məsələsini həll etməyə çalışdığını və “Hizbullah” hərəkatı ilə danışacağını bildirib.
Tramp bu barədə G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
“Livan məsələsini həll edə biləcəyimizə baxmaq istəyirik. Görünür ki, bu məsələ heç vaxt bitmir. Bu, İran məsələsinin kiçik versiyasıdır. Və çətin olmamalıdır. Biz “Hizbullah”la kiçik bir söhbət etməliyik”, - deyə ABŞ lideri bildirib.
Bəs “Hizbullah” Trampla birbaşa dialoqa girə, görüş keçirə bilərmi? Əgər dialoq baş tutarsa, bunun region üçün nəticələri necə olacaq?
Bu haqda politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib.
O, Donald Trampın açıqlamalarının bir-biri ilə ziddiyət təşkil etdiyini vurğulayıb:
“Çünki Donald Tramp hakimiyyətə gəldikdən sonra yürütdüyü siyasətlə Amerika Birləşmiş Ştatlarının onilliklər boyu formalaşdırdığı qlobal sistemin dağılmasına yönəlik addımlar atdı və bu, son dövrlərdə ABŞ-yə kifayət qədər ciddi problemlər yaradır. Ona görə də ilk növbədə Yaxın Şərq savaşının başladılması Tramp administrasiyasının ən böyük yanlış addımlarından biridir. Çünki bu addımlar həm qlobal dünya iqtisadiyyatına, həm də Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatına kifayət qədər sarsıdıcı zərbələr vurdu. Hələlik bu savaşda Amerika Birləşmiş Ştatlarının əldə etdiyi nəticələr də müəmmalı xarakter daşıyır. ABŞ-nin bu savaşda qalib gəlmədiyi inkarolunmaz reallıqdır, məğlub olmadığı isə olduqca mübahisəli mövzudur. Çünki Yaxın Şərq üzrə əldə olunan anlaşmalarda Amerika Birləşmiş Ştatlarının onilliklər boyu yürütdüyü, illərlə ön plana çəkdiyi prinsiplər demək olar ki, sıradan çıxarılıb. Bu da ABŞ-nin indiki situasiyada öz hədəflərindən çox-çox uzaq qaldığını göstərir”.

Politoloq Tramp administrasiyasının Livan siyasətinin də istisna hal olmadığını bildirib:
“Yaxın Şərq siyasətinin tərkib hissəsi olan Livan siyasətində də olduqca ciddi səhvlər mövcuddur. Çünki Ağ Ev bir tərəfdən Livan məsələsini İsrailin öhdəsinə buraxmış kimi görünür, digər tərəfdən isə Yaxın Şərq üzrə anlaşma çərçivəsində Livan mövzusunu da bu müzakirələrə qatmağa məcbur qalır. Yəni paralel, ancaq bir-birinə ziddiyyətli iki proses ciddi şəkildə ön plana çıxır. Prezident Trampın Hizbullahla müzakirə aparmaq və anlaşmaq niyyəti də Ağ Evin nüfuzuna zərbə vura biləcək bir prosesdir. Çünki Amerika Birləşmiş Ştatları adətən belə qurumlarla müzakirələr aparmırdı. Ən azından, bunu etmək məcburiyyətində qalmırdı.
İndi isə belə anlaşılır ki, qüvvələrin nisbəti Amerika Birləşmiş Ştatlarının xeyrinə deyil və buna görə də məhz “Hizbullah”la və bu tipli qurumlarla müzakirələr aparmaq məcburiyyətində qalıb. Bu da Tramp administrasiyasının ABŞ-ni necə çətin bir duruma saldığını göstərir”.
Bəsti Rəfizadə

