İsa Məsihin yeni fotosu tapıldı

Türkiyədə arxeoloqlar III əsrə aid olan və İsa Məsihin saqqalsız təsvir edildiyi son dərəcə nadir bir freska aşkar ediblər.
Sfera.az bildirir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.
İsanın “Yaxşı Çoban” obrazında təsvir olunduğu freska bibliya dövründə Nikeya adlanan, hazırda isə İznik kimi tanınan şəhərin altındakı qədim məzarda tapılıb. Roma üslubunda işlənmiş freska çox yaxşı vəziyyətdə qorunub saxlanılıb ki, bu da onu olduqca nadir tapıntıya çevirir. Freskada İsa Məsihin saqqalsız təsvir olunması da diqqət çəkən məqamlardan biridir.
“Yaxşı Çoban” obrazı xaç simvolundan əvvəl xristianlığın əsas rəmzlərindən biri hesab olunurdu. Erkən xristian freskalarında İsa adətən çiyinlərində keçi balası və ya qoyun daşıyan gənc çoban kimi təsvir edilirdi. Bu obraz insan ruhunun xilasa qovuşmasını simvolizə edirdi.
Arxeoloqların fikrincə, İznikdə bu qədər qədim freskanın aşkar edilməsi xüsusi əhəmiyyət daşıyır. Belə ki, məhz burada 325-ci ildə xristian kilsələrinin Birinci Ümumdünya (Ekumenik) Kilsə Məclisi keçirilib. Həmin məclisdə xristianlığın əsas etiqad mətnlərindən biri olan Nikeya Etiqad Simvolu qəbul edilib.
Xatırladaq ki, 2025-ci ilin oktyabrında da Türkiyədə İsa Məsihin təsvirinin yer aldığı erkən Bizans dövrünə aid unikal artefakt – yanmış çörək nümunəsi aşkar edilmişdi. Təxminən 1300 il yaşı olan bu tapıntı alimlərin böyük marağına səbəb olmuşdu.
İnci
Sfera.az
