Trampdan İrana növbəti təhdid: "Yeni zərbələr ola bilər"

Trampdan İrana növbəti təhdid: "Yeni zərbələr ola bilər"
Kateqoriya məlum deyil83 👁️
T

ABŞ Prezidenti Donald Tramp rəsmi Tehranla yekun nüvə sazişi əldə olunmayacağı təqdirdə yenidən hərbi gücə əl atılacağı ilə bağlı xəbərdarlıq edib.

Sfera.az bildirir ki, Ağ Ev rəhbəri bu barədə "New York Times" qəzetinə müsahibəsində danışıb.

Dünən iki ölkə arasında ilkin razılığın əldə olunduğunu və rəsmi imzaların cümə günü atılacağını bildirən Tramp, buna baxmayaraq, nüvə məsələsində prinsipial mövqeyindən geri çəkilməyəcəyini vurğulayıb.

Prezident Tramp qeyd edib ki, İranla əldə olunacaq yeni razılaşma Hörmüz boğazında gəmilərin "daimi və pulsuz" hərəkətinə təminat verəcək. Lakin o, rəsmi Tehranın yekun nüvə sazişindən yayınacağı təqdirdə ABŞ-nin hərbi əməliyyatları yenidən başladacağını açıq şəkildə bəyan edib:

"İrana qarşı həyata keçirdiyimiz hərbi zərbələr və Tehranın boğazı bağlamaq cəhdindən sonra tətbiq edilən dəniz blokadası Yaxın Şərqi ABŞ-nin xeyrinə yenidən formalaşdırdı".

Yeni sənədin İranın nüvə silahı hazırlamasının və ya satın almasının qarşısını tamamilə alacağını müdafiə edən Tramp, bu razılaşmanın sabiq prezident Barak Obama dövründə (2015-ci ildə) imzalanmış sazişdən qat-qat üstün olduğunu vurğulayıb.

O, İranın uran zənginləşdirmə fəaliyyətlərini 20 il müddətinə dayandırması ilə bağlı danışıqların hələ də davam etdiyini, lakin 15 illik müddətə də razı ola biləcəklərini qeyd edib. Trampın sözlərinə görə, İranın mövcud potensialı yalnız hərbi məqsədlərə xidmət etməyən, aşağı səviyyəli uran zənginləşdirmə prosesi ilə məhdudlaşdırılacaq.

Müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahunun etirazlarına rəğmən bu razılığa yaxınlaşdıqlarını deyən Tramp, Təl-Əvivin Beyruta etdiyi son hücumları da tənqid edib və bunun "baş verməməli olduğunu" vurğulayıb.

Netanyahunu "çox çətin adam" kimi xarakterizə edən ABŞ prezidenti İsrailə xəbərdarlıq etməyi də unutmayıb:

"Düzünü desəm, Netanyahu bu addımımıza görə bizə minnətdar olmalıdır. Çünki İranın nüvə silahı olsaydı, İsrail buna iki saat belə tab gətirə bilməzdi".

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ