O, Putinlə görüşmək istəyir

Filippin hökuməti Rusiya Prezidenti Vladimir Putinlə ölkə lideri Ferdinand Romualdez Markos arasında ilk şəxsi görüşün keçirilməsi üçün rəsmi müraciət edib.
Sfera.az xəbər verir ki, bu barədə Filippinin Moskvadakı səfiri İqor Baylen “İzvestiya” nəşrinə açıqlamasında bildirib. Səfirin sözlərinə görə, görüşün Rusiyanın Kazan şəhərində keçiriləcək Rusiya-ASEAN sammiti çərçivəsində baş tutacağı gözlənilir.
“Prezident Ferdinand Markos ilə Prezident Vladimir Putin arasında görüş keçirilməsi üçün müraciət etmişik. Düşünürəm ki, bu, iki liderin ilk şəxsi görüşü olacaq. Rusiya-ASEAN sammiti ilə yanaşı, tərəflər Filippin və Rusiya arasında ikitərəfli münasibətlərdə əldə olunan irəliləyişləri də müzakirə edə bilərlər”,- Baylen qeyd edib.
Bundan əvvəl Filippinin rəsmi PNA agentliyi prezidentin mətbuat katibi Kler Kastronun açıqlamasına istinadən ölkənin sammitdə iştirakını təsdiqlədiyini yazmışdı.
Qeyd edək ki, Rusiya-ASEAN sammiti iyunun 17-19-da Kazan şəhərində keçiriləcək. Rusiya ilə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) arasında əvvəlki sammit 2021-ci ildə videobağlantı formatında təşkil olunmuşdu. Bu il Rusiya ilə ASEAN arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunur.
Firuzə Əliyeva
Sfera.az
