Kondisioner infarkt yaradır? - Belə istifadə edin

Yay ayının gəlişi və havaların kəskin qızması ilə bərabər kondisionerlərdən istifadə dövrü başlayıb. Lakin mütəxəssislər istidən qorunmaq üçün daxil olduğumuz kondisionerli mühitlərin insan sağlamlığı, xüsusilə də ürək-damar sistemi üçün ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər.
Sfera.az xəbər verir ki, Daxili Xəstəliklər üzrə mütəxəssis prof. dr. Osman Erkinin verdiyi məlumata görə, yay fəslində qarşılaşdığımız ən böyük sağlamlıq problemlərindən biri məhz infarktdır. Ekspert bildirib ki, bu vəziyyət təkcə artan bədən temperaturu ilə deyil, həm də temperaturun qəfil dəyişməsi ilə birbaşa bağlıdır.
Qəfil temperatur dəyişiklikləri qan damarlarının sürətlə daralmasına səbəb olur və ürəyin üzərinə əlavə funksional yük mindirir. Bu xüsusiyyət xroniki ürək-damar xəstəliyi olan şəxslərdə birbaşa infarkt riskin artırır. Bu səbəbdən çox isti mühitdən qəfil çox soyuq mühitə keçmək yolverilməzdir. Xüsusilə tərləmiş halda kondisionerin qarşısında əyləşmək və kondisioner açıq vəziyyətdə yatmaq qətiyyən tövsiyə olunmur.
Mütəxəssislər qəfil temperatur dəyişikliyi zamanı aşağıdakı simptomlar yaranarsa, vaxt itirmədən xəstəxanaya müraciət etməyi tapşırıblar:
Döş qəfəsində ağrı
Təzyiqin qəfil düşməsi və ya yüksəlməsi
Nəfəs darlığı
Huşunu itirmə hissi (başgicəllənmə)
Kondisionerlərin yaratdığı tək təhlükə ürəklə məhdudlaşmır. Cihazın sistemində yığılan bakteriyalar, göbələklər, polen və toksinlər daxili mühitin havasını ciddi şəkildə çirkləndirir. Bu çirklənmə isə ürək, təzyiq və şəkər xəstələri üçün xüsusilə risklidir. Kondisionerlərin çirkli filtrlərində çoxalan və "Legionella pneumophila" adlanan bakteriyanın tənəffüs edilməsi, “Legioner xəstəliyi" kimi tanınan və ölümcül ola bilən ciddi bir ağciyər infeksiyasına yol açır. Bunun qarşısını almaq üçün kondisioner filtrləri mütəmadi olaraq təmizlənməli və dəyişdirilməlidir.
Kondisionerdən istifadə edərkən nələrə diqqət etməli?
Xarici mühitlə daxili məkan arasındakı temperatur fərqi 5-6°C-dən çox olmamalıdır. Kondisioneri ideal olaraq 24-26°C dərəcəyə tənzimləyin. Küçədən evə gələn kimi dərhal kondisioneri yüksək güclə yandırıb qarşısında durmaq infarkt riskini maksimuma çatdırır. Əsas məqsəd soyuq deyil, sadəcə sərin mühit yaratmaqdır. Əgər daxil olduğunuz mühit həddindən artıq soyuqdursa, dərəcəni qaldırın və ya pəncərəni açaraq havanı bir qədər yumşaldın.
Soyuq havanın birbaşa döş qəfəsinizə vurmamasına diqqət yetirin. Gecə boyu kondisioneri işlətməkdənsə, pəncərəni açıq qoyub yatmaq daha sağlam bir üsuldur. Bədənin istilik balansını qorumaq və damarları dəstəkləmək üçün gün ərzində 9-10 stəkan su və mineral itkisini bərpa etmək üçün 1 şüşə təbii mineral su (soda) içilməlidir.
Ekspertlər yay aylarında digər geniş yayılan xəstəliklərə də toxunublar. Qidaların tez xarab olması səbəbindən qida zəhərlənmələri və çirkli içməli sular sağlamlığa ciddi zərbə vurur.Həmçinin hovuz suları vasitəsilə hepatit, amibli dizanteriya, paratifo, göz, qulaq, burun və genital göbələk infeksiyalarının yoluxma riski yüksəkdir. Deniz suyu duzlu olduğu üçün daha təhlükəsiz hesab edilir. Hepatit A pevəndi olmayan şəxslərin gigiyenik qaydalara əməl olunmayan hovuzlardan uzaq durması, hovuza girməzdən əvvəl mütləq duş qəbul edilməsi, bone və qoruyucu eynəklərdən istifadə olunması vacibdir.
Günəş şüaları D vitamininin ən güclü mənbəyi olsa da, qızmar günəş altında uzun müddət qalmaq həyati təhlükə yaradan günvurmalara səbəb ola bilər. Yaşlılar, uşaqlar və xroniki xəstəliyi olanlar bu mövzuda ən riskli qrupdadırlar. Günvurma özünü yüksək qızdırma, təzyiqin düşməsi, şiddətli baş ağrısı, ürəkbulanma və huşun itirilməsi ilə büruzə verir.
Bəsti Rəfizadə
Sfera.az
