Paşinyan: "Bundan artıq edə biləcəyimiz bir şey yoxdur"

Ermənistan KTMT-ni tərk etməsi və ya təşkilatdan çıxarılması ilə bağlı qərarlara münasibət bildirib.
Sfera.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə brifinq zamanı danışıb. Onun çıxışı “YouTube” platformasında yayımlanıb.
“Əgər üzv dövlətlər Ermənistanı təşkilatdan çıxarmaq qərarı versələr, biz bu qərarı nəzərə alacağıq, bundan artıq edə biləcəyimiz bir şey yoxdur”, – Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) üzv ölkələrin çıxarılma mexanizmi barədə məlumatlıdır. O, həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqından mümkün çıxışı ilə bağlı suallara da toxunaraq, bu mövzuda yeni bir əlavə edəcək məqam olmadığını deyib.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov daha əvvəl KTMT xarici işlər nazirlərinin Ermənistanın təşkilatdan borc ödənişlərini etməməsi səbəbindən çıxarılması imkanını müzakirə edəcəyini bildirmişdi. Onun sözlərinə görə, İrəvan artıq iki ildən çoxdur ki, üzvlük haqlarını ödəmir.
Ermənistan və Rusiya münasibətləri ilə bağlı daha əvvəl Siyasi Araşdırmalar İnstitutunun (APRI) əməkdaşı Sergey Melkonyan “Lenta.ru”ya açıqlamasında vəziyyəti “geri dönüş yoxdur” ifadəsi ilə xarakterizə etmişdi.
İnci
Sfera.az
